Cavid Hüseynov "Cəbrayıl"dan ayrıldı
Cavid Hüseynov “Cəbrayıl” komandasının baş məşqçisi postundan ayrılıb.
Msport.az xəbər verir ki, bu barədə 36 yaşlı mütəxəssis özü paylaşım edib.
“Əziz “Cəbrayıl” azarkeşləri və doğma cəbrayıllılar!
Sizin də böyük dəstəyinizlə ötən mövsüm çətin mərhələləri geridə qoyaraq, 1-ci liqaya vəsiqə qazandıq. “Cəbrayıl”la birlikdə qazandığımız uğurlardan sonra daha da irəli getmək, daha böyük təcrübəyə yiyələnmək, gələcəkdə Azərbaycan futboluna, doğma Cəbrayıla daha da uğurla xidmət etmək üçün bilik və bacarıqlarımı artırmaq vacibdir. Buna görə də, qarşıma çıxan hər bir şansdan yararlanmaq mütləqdir. İnanıram ki, öyrənmək kimi müqəddəs bir işin ardınca getmək məqsədilə doğma “Cəbrayıl” klubundan ayrılmağımı anlayışla qarşılayarsınız. İnşallah, gələcəkdə yenə də daha böyük bilik, təcrübə və dəstəklə sizin də sayənizdə sevimli klubumuzu layiq olduğu zirvələrə çatdıracağıq.
Hər birinizə uğurlar arzulayır və “hələlik” deyirəm”.
Qeyd edək ki, “Cəbrayıl” başa çatan mövsümdə Cavid Hüseynovun rəhbərliyi altında I Liqaya vəsiqə qazanıb.