featured-image-23762

“Həm heyət, həm də sərəncamımızda olan futbolçuların vəziyyəti baxımından oyuna hazır deyildik”.

Bəlkə də Qurban Qurbanovun bu fikirlərini oxuyandan sonra “Gent”ə məğlubiyyətin səbəbləri haqqında uzun-uzadı düşünməyə dəyməz. Əgər baş məşqçi özü etiraf edirsə ki, oyuna hazır deyildik, başqa nədən danışasan ki?

“Qarabağ” rəhbərliyi Vadjnin satışından gələn gəlirdən o qədər həvəsə düşdü ki, bir müddət sonra Kadi və Ovusunun da transferinə razılıq verdilər. Ortada 5 milyon avro söhbəti varsa, buna görə tərəddüd etməyə dəyməz. Düzdür, braziliyalı yarımmüdafiəçinin hələ Ağdam klubu ilə müqaviləsi var idi, lakin kim bilir, bir də belə təklif gələcəkdimi? Lakin Ovusu məsələsində vəziyyət fərqli idi. “Qarabağ” “Ferentsvaroş”la razılığa gəlsə də, futbolçunun yayda getməsinə nail ola bilərdi. Düzdür, həmin vaxt qanalı hücumçu azad agent olacaqdı və klubun büdcəsinə pul gətirməyəcəkdi. Amma olsun, onsuz da Kadinin satışından “Qarabağ” xeyli qazanmışdı. Ovusundan pul gəlməsə, nə olacaqdı ki? Əvəzində “Gent”i keçməkdə bu futbolçunun böyük köməyi dəyə bilərdi.

“Qarabağ” sanki reablitasiya mərkəzidir, hazır olmayan futbolçuları gətirib burda formaya salmağa çalışır. Axı Konfrans Liqasının pley-off matçı eksperiment yeri deyil. Diakabi, Benziya hazır deyil, yeni gələnlərdən daha yaxşı vəziyyətdə olanı və Bakıdakı görüşdə pis təsir bağışlamayan Cica isə ehtiyatda qalır.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsi ilə müqayisədə çox zəifləyib. “Nant”, “Olimpiakos” kimi rəqiblərin qapısına 3 top vuran Azərbaycan çempionu onlardan qat-qat zəif “Gent” qarşısında aciz qaldı. Ümumiyyətlə, Qurbanovun komandası son vaxtlar avrokuboklarda ən zəif oyununu keçirdi. “Gent” rahat keçiləsi rəqib idi, bu həmin komanda idi ki, Bakıda “Qarabağ”ın çərçivəsinə bir dəqiq zərbə belə endirə bilməmişdi. Ağdam klubu heyətdəki itkiləri ön plana çəkirsə, Belçika komandasında oyunu buraxanların sayı daha çox idi.

“Gent” ilk dəqiqələrdən “Qarabağ”dan çəkinirdi, hətta birinci hissədə öz qapısına çəkilib böyük qüvvə ilə hücuma çıxmağa qorxurdular. Amma  gördkdə ki, bu rəqib ciddi bir şeyə qadir deyil, ürəklənib daha cəsarətli oynamağa başladılar. Nəticədə, arzuladıqları qolu da vurdular.

“Qarabağ” dünən “Gent” qarşısında 9 il ardıcıl avrokuboklarda çıxış edən komanda kimi oynamadı. Nə komanda oyunu var idi, nə lazımi cəsarət, nə də fərdi ustalıq.

Ağdam klubu yenə əldə etdikləri ilə kifayətlənir, əslində “Qarabağ” hələ Avroliqadan Konfrans Liqasında düşəndə uduzmuşdu, Bəlkə də fikirləşmişdilər ki, “burda əjdahalarla oynayınca, gedək Konfrans Liqasında daha çox irəliləyək. Belə planlar isə heç vaxt özünü doğrultmur.

…Yenə Azərbaycan çempionatı, yenə boş tribunalar, yenə bütün rəqiblər üzərində rahat qələbələr. Cəhənnəmə xoş gəldin, “Qarabağ”!

AYXAN 

Bənzər xəbərlər