featured-image-29356

Çempionat sona yaxınlaşdıqca kuluarlarda gəzən söz-söhbətlər də artır. Ən çox müzakirə olunan məsələ isə Premyer Liqanı tərk edəcək komanda ilə bağlıdır. Daha doğrusu, ümumiyyətlə, elitadan aşağı hər hansı klub düşəcək, ya yox?

AFFA-nın baş katibi Sərxan Hacıyev dəfələrlə müsahibələrində qeyd edib ki, bu il yüksək liqadan bir komanda gedəcək, əvəzində aşağıdan  bir kollektiv yuxarı qalxacaq. AFFA İcraiyyə Komitəsinin son toplantısında da bu məsələ bir daha öz təstiqini tapdı. Lakin mövsümün başa çatmasına 3 tur qaldığı bir vaxtda ortaya müxtəlif söz-söhbətlər çıxır. Yenə də bu 10 komandanın qalacağı, aşağı heç kimin düşməyəcəyi və I diviziondan hər hansı klubun Premyer Liqaya yüksəlməyəcəyi dedi-qoduları artmağa başlayır.

“Araz Naxçıvan” I dəstədə mövsümün başa çatmasına 3 tur qalarkən çempionluğunu rəsmiləşdirdi. Xeyli vaxtdır ki, Naxçıvan təmsilçisinin güclülər dəstəsinə hazırlaşması barədə xəbərlərə rast gəlirik. Düzdür, Naxçıvanın siyasi elitasındakı son dəyişiklərin komandaya da sirayət edə biləcəyi deyilirdi. Lakin hələ ki vəziyyətin stabil olduğu görünür.

Digər tərəfdən “Araz Naxçıvan” Premyer Liqaya gələrsə, digər klubların səfərə gedib-gəlmə məsələsi, oyundan canlı yayımların verilməsi ilə bağlı narahatlıqlar gündəmə gəlir.

Amma Bakı hər il Formula -1 kimi yarışı keçirirsə, Suqovuşana dünyanın 20 ölkəsindən avarçəkənlər aparılırsa və bütün bunların büdcəsi yetərincə yüksəkdir, deməli, bu məsələ də ciddi problem yaratmamalıdır. Yadınızdadırsa, uzun illər çempionat 8 komanda ilə davam edən vaxt “digər klublar lisenziyalaşdırma şərtlərinə uyğun gəlmir” bəhanəsini eşitməkdən qulağımız qabar olmuşdu. Lakin bir günün içində “Turan Tovuz” və “Kəpəz” kimi əyalət klublarına “yaşıl işıq” yandırıldı. Əslində bunu o vaxt da etmək mümkün idi, sadəcə kimlərinsə marağında deyildi, AFFA-nın əvvəlki baş katibi öz yaxın ətrafının hərəsini bir kluba göndərib, ailə liqası yaratmışdı.

İndi artıq vəziyyət dəyişib, hiss olunur ki, Sərxan Hacıyev də baş katib postunda olduğu müddətdə ciddi işlər görməkdə maraqlıdır. O da yaxşı anlayır ki, yeni rəhbərliyin gəlişindən sonra işində qalması üçün indidən hansısa addımlar atmalıdır. Əgər sabah yenidən Premyer Liqada eyni 10 klub yarışsa və aşağı heç kim düşməsə, bu, baş katibin nüfuzuna ciddi zərbə olacaq. Azərbaycan futbolunda ilk islahat məhz bundan aparılmalıdır, çempionatda idman prinsipləri təmin olunmalıdır.

Ümid edək ki, AFFA-nın baş katibi və İcraiyyə Komitəsi son anda fikirindən daşınmayacaq.

AYXAN 

 

Bənzər xəbərlər