featured-image-50737

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsində iyulun 12-də, “Liv Bona Dea Arena”da Macarıstan yığmasına qarşı keçiriləcək oyunla bağlı fikirlərini bildirib.

Msport.az xəbər verir ki, mütəxəssis sabah vacib matça çıxacaqlarını söyləyib: “Bundan öncə bir dəfə tarix yazmışıq. Pley-off mərhələsinə vəsiqə qazana biləriksə, Azərbaycanın qadın futbolu adına daha bir tarix yazmaq istəyirik. Məqsədimiz bunu reallaşdırmaqdır. Rəqibin çox keyfiyyətli futbolçulardan təşkil olunduğunu bilirik. Hazırlığımızı da buna uyğun görürük. Təəssüf ki, iki oyunçumuz – Manə Mollayeva və Peritan Bozdağ cəzalı duruma düşdükləri üçün matçda iştirak edə bilməyəcəklər. Eyni zamanda Aysun Seydiyevanın əməliyyat olunması planlarımıza təsir etdi. Buna baxmayaraq, milliyə çağırılan futbolçular komanda yoldaşlarının boşluqlarını dolduracaq gücdədirlər. Öz meydanımızda keçirəcəyimiz qarşılaşmada qələbə qazanmaq istəyirik”.

Qeyd edək ki, B liqasının V turu çərçivəsində keçiriləcək Azərbaycan – Macarıstan görüşü saat 20:00-da başlayacaq. Millimiz seçmə mərhələnin son turunda iyulun 16-da Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.

Bənzər xəbərlər