featured-image-31106

Elmar Baxşıyev başını aşağı salıb işini görür, ikinci mövsümdür ki, komandasını Avropaya apardı, bu il “Qəbələ” Azərbaycan kubokunu qazandı. Baxşıyev elə məqçilərdəndir ki, reklamı heç yerdə getmir, hardasa vakant post yarananda birinci onun adı çəkilmir. Saytlarda palaz-palaz müsahibələrinə rast gəlmək olmur. Bilmirəm, bu yaxşıdır, ya pis, çünki Baxşıyev sanki Premyer Liqanın unudulmuş məşqçilərindəndir.

Azərbaycanda idman KİV-nin monitorinqini aparsaq, son dövrlərdə haqqında ən çox yazılan mütəxəssislər yəqin ki, Tərlan Əhmədov, Ayxan Abbasov və Samir Abasov olar. “Milliyə yerli məşqçi gəlməlidir” mövzusu qalxan kimi daha çox bu üçlüyün adı çəkilir. Əslində üçü də gördükləri işə görə buna layiqdirlər, ona söz yox. Sadəcə diqqətimi çəkən belə məsələlərdə də Baxşıyevin kölgədə qalmasıdır.

****

“Qəbələ” “Neftçi”ni mövsümü kuboksuz başa vurmağa məcbur etdi. Bəlkə də kimlərsə deyə bilər ki, top Kverkveliyanın əlinə dəyməsəydi, filan, amma oyun olaraq da “qırmızı-qaralar” rəqibindən xeyli güclü idi. “Neftçi” rəhbərliyinin bəh-bəhlə gətirdiyi Laurentsiu Regekampf  bütün mövsümü boşa verdiyi kimi kubokda da həmkarı qarşısında aciz qaldı. Heç kim rumıniyalı məşqçinin İsmayıl Zülfüqarlı ilə Ömər Buludovu niyə start heyətində oynatdığını başa düşmədi. İlinə 250 min avro maaş alan Rege bunun heç 10 faizinin də qarşılığını vermədi. “Qarabağ”dan 22, “Sabah”dan 12 xal geri qalan komanda axırda finalda “Qəbələ”yə də uduzdu. Onun “Neftçi” ilə hələ bir illik müqaviləsi var. Görək, necə yola sala biləcəklər? Rege deyəsən, Azərbaycanda ancaq “Qəbələ Xanlar”da verilən zoğal arağını içməyi öyrəndi, başqa heç nə. Bəlkə də nə vaxtsa, ölkəmizi xatırlayanda, birinci yadına həmin zoğal arağı düşəcək.

****

“Qəbələ”nin uğurlarında  Baxşıyevlə yanaşı, Fariz Nəcəfovun prinsipiallığı, məşqçinin işinə qarışmamağı da böyük rol oynadı. Mükafatlandırma mərasimi zamanı onun mətin addımlarla podiuma irəriləməsi çox şeydən xəbər verirdi. Sanki Rövnəq Abdullayevə demək istəyirdi ki, “baxın, 3 milyonluq büdcə ilə də belə komanda yaratmaq mümkündür”. Yeri gəlmişkən, AFFA-nın “3 milyon yalnız yerli futbolçuların alınmasına xərclənsin”ideyasının baş tutmamasında Nəcəfovun prinsipial mövqeyi rol oynadı.

İndi “Qəbələ” üçün Baxşıyevi və heyəti qoruyub saxlamaq çətin olacaq. Bundan sonra, baş məşqçinin daha yaxşı şərtlərlə başqa komandaya getməsi də onun haqqıdır.

AYXAN 

Bənzər xəbərlər