DÇ-2035-in ev sahibləri təsdiqlənir
Qadınlar arasında futbol üzrə 2035-ci il dünya çempionatının ev sahibinin müəyyənləşdirilməsi prosesi yekun mərhələyə çatıb.
Msport.az xəbər verir ki, FIFA İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanın birgə namizədliyini təsdiqləməyə hazırlaşır.
Qərarın bu gün keçiriləcək FIFA-nın növbədənkənar konqresində qəbul olunması gözlənilir. Böyük Britaniya turnirə ev sahibliyi etmək üçün yeganə namizəddir.
Dünya çempionatının 39 gün davam etməsi planlaşdırılır. Yarışda 48 milli komanda iştirak edəcək və ümumilikdə 104 qarşılaşma keçiriləcək.
Namizədlik sənədində oyunların təşkili üçün 19 stadion nəzərdə tutulub. Onlardan 14-ü İngiltərədə, ikisi Şotlandiyada, ikisi Uelsdə, biri isə Şimali İrlandiyada yerləşir. Əlavə layihələr həyata keçiriləcəyi təqdirdə stadionların sayı 22-yə çata bilər.
Eyni konqresdə qadınlar arasında 2031-ci il dünya çempionatının ev sahibi də müəyyənləşdirilməlidir. Həmin yarışın təşkili üçün ABŞ, Meksika, Kosta-Rika və Yamayka birgə namizədlik irəli sürüblər.







