featured-image-13278

Millimizin baş məşqçisi Canni de Byazi Slovakiya və Qazaxıstanla oyunlar üçün heyəti açıqladı.

Yığmamız Millətlər Liqası çərçivəsində sentyabrın 22-də Trnavada Slovakiya, ayın 25-də isə Bakıda Qazaxıstanla qarşılaşacaq. İtaliyalı mütəxəssis qarşıdakı matçlar üçün 26 futbolçuya dəvət göndərib.

Siyahıda əsas diqqət çəkən məqam Qara Qarayevin adının yoxluğudur.  “Qarabağ”ın dayaq yarımmüdafiəçisi zədəli deyil və son matçlarda meydanda olub. Məsələn, miilliyə dəvət olunan “Qarabağ”ın digər üzvü Riçard Almeydadan fərqli olaraq 29 yaşlı futbolçu son vaxtlar daha çox şans əldə edir.

Qaranın son görüşlərdəki statistik göstəricilərini təqdim edirik:

18.09.22. APL. “Zirə” – “Qarabağ 1:7 (76 dəqiqə meydanda olub)

15.09.22. AL. “Qarabağ” – “Nant” 3:0 (87 dəq, 1 assist) 

11.09.22. APL. “Qarabağ” – “Sabah” 4:3 (90 dəq) 

08.09.22. AL. “Frayburq” – “Qarabağ” 2:1 (75 dəq) 

01.09.22. APL. “Kəpəz” – “Qarabağ” 0:1 (ehtiyatda qalıb) 

27.08.22. APL. “Qarabağ” – “Şamaxı” 4:0 (ehtiyatda qalıb) 

23.08.22. AL. “Viktoriya” – “Qarabağ” 2:1 (90 dəq) 

17.08.22. AL. “Qarabağ” – “Viktoriya” 0:0 (90 dəq) 

Bu statistik göstəricilərə də baxdıqda aydın olur ki, Qarayev son matçlarda daim şans əldə edir. O, yalnız 2 qarşılaşmada  – “Kəpəz” və “Şamaxı” ilə çempionatdakı oyunlarda ehtiyatda qalıb. Həmin görüşlərdə də Qurbanov “Frayburq”la matçdan əvvəl əsas heyət oyunçularına istirahət vermişdi. Müqayisə üçün qeyd edək ki, Almeyda “Nant”la oyunda 3, “Frayburq”la qarşılaşmada 15 dəqiqə meydanda olub.

Dünən futbolçu sosial şəbəkədə bu məsələ ilə bağlı paylaşım etdi. Həmin fikirləri də oxuduqda aydın olur ki, Qara ümid edirmiş ki, De Byazi onu milliyə çağıracaq:

“Təbii ki, yığmadan kənarda qalmaq ilk növbədə vətənini sevən bir azərbaycanlı kimi, daha sonra futbolçu kimi məni məyus edir.  Dəvət olunmamağım zədə ilə bağlı deyil. Tam səmimiyətimlə inanıram ki, dəvət alan hər kəs orada olmağa layiqdir. Komanda yoldaşlarım qarşıdakı iki görüşdə yaxşı çıxış edəcəklər və onların uğur qazanacağına əminəm. Yığmaya uğurlar arzulayıram”. 

Maraqlı odur ki, De Byazi millinin Belarusla son oyununda (2:0) dayaq yarımmüdafiəçisini ehtiyatda saxlayıb. Ondan əvvəl Slovakiya ilə qarşılaşmada isə Qara 55-ci dəqiqədə Almeydanı əvəzləyib. Deməli, baş məşqçi ilə futbolçu arasında nə baş veribsə, həmin ərəfədə olub.

Heyətə təbii ki, baş məşqçi cavabdehdir, sabah istənilən nəticə olmayanda çıxıb hesabat verəcək şəxs də odur. Bu səbəbdən bəlkə də De Byazinin üzərinə çox getmək  olmaz.

Lakin italiyalı mütəxəssis belə prinsipialdırsa, bir müddət öncə yığmamızda oynamaqdan imtina edən Ozan Can Kökçüyə dəvət göndərməməli idi. Ozan Can anlayanda ki, Türkiyə millisinə düşə bilməyəcək, yenidən gəlb Azərbaycan seçməsində oynamağa razılaşdı. Halbuki bir neçə ay öncə həm özü, həm də qardaşı Ozan Canın daha Azərbaycan millisinə getməyəcəyini deyirdilər.

P.S. AFFA-nın rəsmi saytında yığmamızın heyəti sentyabrın 18-də təxminən 23:00 radələrində açıqlanıb. 

AYXAN 

 

Bənzər xəbərlər