Derbiyə doğru: “Qarabağ”la oyunda qazanılan xal bizim üçün motivasiya olub”
“Oyuna yaxşı hazırlaşmışıq, həftə boyu gərgin məşqlər keçmişik. Baş məşqçinin verdiyi tapşırıqlar üzərində işləmişik”
Msport.az xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Abdulla Rzayev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Gənc müdafiəçi Misli Premyer Liqasının XXII turunda “Turan Tovuz”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb: “Bu görüş həm də derbidir. Qələbə barədə düşünürük. Məqsədimiz üç xal qazanmaqdır. İnşallah, belə də olar. İndiki vəziyyətdə bizə hər oyundan xal və xallarla ayrılmaq lazımdır”.
Rzayevin sözlərinə görə, ötən tur “Qarabağ” ilə görüşdə qazanılan bir xal onlar üçün motivasiya olub: “Əhval-ruhiyyəmiz yerindədir, yaxşıdır. Azarkeşlərin də güclü dəstəyi ilə bizə lazım olan nəticəni qazanacağıq”.
Komandaya qışda transfer olunan 20 yaşlı futbolçu öz oyunu haqqında danışmağı xoşlamadığını deyib. Rzayev onu da əlavə edib ki, fikri kənardakılar bildirsələr, daha yaxşı olar: “Məşqçilər, azarkeşlər oyunumu qiymətləndirə bilərlər. Mənim işim komandanın yaxşı çıxışına kömək etməkdir. Çalışırıq ki, “Kəpəz” turnir cədvəlində üst pillələrə yüksəlsin”.







