featured-image-12676

İspaniya yığmasının hücumçusu Dieqo Kosta yenidən İngiltərə Premyer Liqasına qayıdıb.

Msport.az xəbər verir ki, o, azad agent İngiltərənin “Vulverhempton” klubuna keçib.

33 yaşlı hücumçu yeni klubu ilə mövsümün sonunadək anlaşıb. O, Premyer Liqa təmsilçisində 29 nömrəli formanı geyinəcək.

Kosta İngiltərədə 2014-2017-ci illər aralığında “Çelsi”nin də uğurları üçün çalışıb. O, bu komanda ilə 2015 və 2017-ci illərdə İngiltərə çempionu olub. Təcrübəli hücumçunun sonuncu iş yeri “Atletiko” (Mineyro) olub. Lakin o, ötən ilin avqustunda qoşulduğu bu komandadan bu ilin yanvarında azad agent kimi ayrılmışdı və klubsuz idi. Kosta karyerası ərzində “Braqa”, “Penafiel”, “Atletiko” (Madrid), “Selta”, “Albasete”, “Valyadolid”, “Rayo Valyekano” klublarının da formasını geyinib. Braziliya yığmasında 2 oyun keçirmiş Dieqo, sonradan İspaniya vətəndaşlığı alıb və bu ölkənin millisinə dəvət almağa başlayıb. O, İspaniya millisində 24 oyun keçirib, 10 qol vurub. Hücumçu karyerası ərzində bütövlükdə 495 oyuna çıxıb, 187 qola imza atıb.

“Vulverhempton” Fransanın “Mets” klubunun yarımmüdafiəçisi Bubakar Traoreni də icarəyə götürüb. Malidən olan 21 yaşlı futbolçu da bu mövsümün sonuna kimi İngiltərə klubunun uğurları üçün çalışacaq. “Mets”in öz yetirməsi olan futbolçu, bu klubun əsas komandasında 33 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Yeri gəlmişkən, “Mets” digər yarımmüdafiəçisi İbrahim Amadunu da Liqa 1-in digər təmsilçisi “Anje”yə satıb. 29 yaşlı fransalı futbolçu yeni klubu ilə mövsümün sonunadək müqavilə bağlayıb. Kamerun əsilli oyunçu daha öncə “Nansi”, “Lill”, “Sevilya”, “Norviç Siti” və “Leqanes”də də oynayıb.

Amadu ilə vidalaşan “Anje” onun əvəzində “Paris”dən Usman Kamaranı transfer edib. Sözügedən klub bu keçid üçün 2.2 milyon avrosundan keçib. 19 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. “Paris”in öz yetirməsi olan futbolçu, bu klubun əsas komandasında 39 oyun keçirib. O, Fransanın U-19 yığmasına da dəvət alır.

Bənzər xəbərlər