“Sabah”ın futbolçusu dəvət gözləyir: “Braziliya millisində oynamaq arzumdur”
“Sabah”ın braziliyalı futbolçusu Du Keyroş ölkəsinin mətbuatına müsahibə verib.
Msport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionuna keçidi ilə bağlı danışıb.
Rusiya “Zenit”indən icarəyə götürülən orta sahə oyunçusu təklif aldığı vaxt “Sabah” barədə heç bir məlumatının olmadığını etiraf edib. “Korintians”ın yetirməsi bu seçimi Çempionlar Liqasında çıxış etmək fürsəti yaranması ilə əlaqələndirib: “Klub rəhbərliyi və baş məşqçi ilə aparılan danışıqlar da qərarıma təsir etdi. Bu, maliyyə məsələsi deyildi. Klubun və ölkənin infrastrukturu da əsas məqamlardan biridir. Həmçinin Çempionlar Liqasında iştirak etmək, böyük komandalarla qarşılaşmaq və bu anları yaşamaq mənim üçün bir xəyal idi. Qərarıma təsir edən ilk amil Çempionlar Liqası oldu. Klubun məni heyətində görmək istəyi də Azərbaycana gəlməyimdə mühüm rol oynadı. Hiss etdim ki, onlar məni tanıyırlar, karyeramı bilirlər və məni həqiqətən komandalarında görmək istəyirlər”.
Du Keyroş üçün uyğunlaşma prosesi çətin keçməyib. O, bu dəyişikliyi idman karyerası baxımından müsbət qiymətləndirir: “Çempionlar Liqasında iştirak futbolçuya daha böyük özünəinam qazandırır. Bəzən keçmişimə nəzər salıram və bunun nə qədər qürurverici olduğunu düşünürəm. Böyük arenalarda, möhtəşəm oyunlarda iştirak etmək üçün nə qədər əziyyət çəkirsən və birdən özünü soyuq bir gecədə “Mançester Yunayted”ə qarşı 80 min azarkeşin qarşısında oynayarkən görürsən. Sanki videooyundur. Bəlkə də hər şey həmişə arzuladığım şəkildə olmadı. Düşünürəm ki, mənim də burada olmağım lazım idi. Belə klublarla qarşılaşmaq sənə daha çox fürsət qazandırır. Bura gəlməyimin ən vacib səbəblərindən biri də bu idi. Əgər yaxşı oyunlar keçirib bu klublara qarşı özümü göstərə bilsəm, hər kəs nəyə qadir olduğumu görəcək”.
Yarımmüdafiəçi böyük klublara qarşı oyunlar öncəsi əlavə motivasiya hiss etdiyini etiraf edib: “Klub öz prinsiplərini dəyişmir. Hazırlıq günləri, videoların təhlili və digər proseslər əvvəlki kimidir. Amma düşünürəm ki, Çempionlar Liqası oyunları bir qədər daha xüsusi olur”.
Uşaqlıq illərini də yada salan Du Keyroş qarşılaşdığı çətinliklərdən bəhs edib: “Uşaqlığım bir qədər çətin keçib. Böyüdüyüm mühitdə elə hadisələrlə qarşılaşmışam ki, az qala başqa bir yola yönələcəkdim. Yaxşı insan olmaqla pis insana çevrilmək arasındakı məsafə çox kiçikdir. Hər şey millimetrlərlə ölçülür. Bir gün məşqə gedirsən, məşqdən qayıdarkən isə bir dostun səni yanına çağırıb yanlış bir iş görməyi təklif edir. Məni bu çılğın dünyada qoruduqları və başqa bir yola düşməyimə imkan vermədikləri üçün valideynlərimə çox minnətdaram. Bəlkə də indi burada olmazdım. Bir çox dostum artıq həyatda deyil. Keçmişimə baxıram və bu gün Çempionlar Liqasında iştirak etdiyimi görürəm. Xəyallarımı gerçəkləşdirmək, ailə üzvlərimin yaxşı və təminatlı həyat yaşadığını görmək üçün şənliklərdən, dostlarla vaxt keçirməkdən, içkidən, hətta ailəmdən belə müəyyən müddət uzaq qalmağa dəyərmiş”.
“Sabah”ın futbolçusunun növbəti arzusu isə Braziliya millisinin formasını geyinməkdir. O, Azərbaycandakı yüksəlişdən sonra böyük səhnəyə qayıtmaq istədiyini bildirib: “Böyük səhnəyə qayıtmağı, istər Braziliyada, istərsə də Avropada böyük turnirlərdə iştirak etməyi arzulayıram. Burada qalmaq istəyim var, amma Braziliyanın böyük klubları və yüksəliş imkanı var. Braziliya millisində oynamaq arzumdur. İnanıram ki, bu, əlçatmaz bir hədəf deyil. Çox arzulayıram, planlar qururam. Çünki arzulamaq pulsuzdur. Görürsünüz ki, gənc futbolçular milliyə dəvət alırlar. “Korintians”dan Andre və Bidon kimi oyunçular buna nümunədir. Braziliya futbolundakı bu mühit də buna böyük töhfə verir. İnanıram ki, mənim oyun xüsusiyyətlərim Ançelottinin tələblərinə də uyğundur”.
“Zenit”ə keçidi ilə bağlı peşman olub-olmadığı soruşulan Du Keyroş Rusiya klubuna Avropanın qapılarını açdığı üçün minnətdar olduğunu bildirib. Yarımmüdafiəçi Braziliyaya qayıdacağı təqdirdə ilk seçiminin “Korintians” olacağını da vurğulayıb: “Keçmişdə fərqli düşüncələrə sahib idim, indi isə tamam başqa cür düşünürəm. Maliyyə məsələsi qərarıma çox təsir etdi və nəticədə bu addımı atdım. Lakin klubda möhkəmlənə bilmədim. Braziliyaya qayıtmaq imkanım olsa, “Korintians”a üstünlük verərdim. “Qremio”ya icarəyə getməzdən əvvəl də belə etmişdim, amma o vaxt klubda olan bəzi insanların mövqeyinə görə bu, baş tutmadı. Bununla belə, futbol çox dəyişkən sahədir və mən peşəkar futbolçuyam. Buna görə də yaxşı fürsəti əldən verə bilmərəm”.







