featured-image-57335

Cərimə meydanının mərkəzindən vurulan zərbələr üzrə ən yaxşı klublar bəlli olub.

Msport.az xəbər verir ki, CİES dünyanın ən güclü 63 liqası ilə bağlı araşdırmalarının nəticələrini açıqlayıb.

Cari mövsümün oyunlarının nəzərə alındığı siyahıya “Sportinq” başçılıq edir. Portuqaliya klubu penalti nöqtəsi yaxınlığında hamıdan güclüdür. Lissabon klubu bu sahədən hər matçda orta hesabla 9,09 zərbə endirib, rəqiblərinə isə 2,18 belə fürsət verib. “Sportinq”i üstünlüyü 6,91-ə bərabərdir. “Şanxay Port” 6,56 ilə ikinci, “Bavariya” 6,00 ilə üçüncüdür.

Azərbaycan klublarının göstəriciləri də məlum olub. İki təmsilçimiz ön sıralardadır.

“Qarabağ” dünyada 25-cidir. Ağdam klubu 3,92 zərbəlik üstünlük qazanıb. Qurban Qurbanovun yetirmələri hər oyunda 6,67 dəfə təhlükəli nöqtələrdən zərbə endiribsə, rəqiblərinə 2,75 fürsət verib.

“Qarabağ”ın CİES-in siyahısındakı qonşuları PSJ (4,00) və “Qalatasaray” (3,91) klublarıdır. “Cim-Bom” kimi “Ayaks” (3,73), “Porto” (3,70), “Liverpul” (3,55) və “Atalanta” da (3,50) çempionumuza həsəd aparırlar.

“Sabah” (3,31) siyahıda 51-cidir. “Barselona” (3,15) və “Real” (2,00) kimi nəhənglər də təmsilçilərimizə həsəd aparır.

Misli Premyer Liqasının digər klublarının göstəricilərinə gəlincə, “Turan Tovuz” 1,46, “Araz-Naxçıvan” 1,25-ə malikdir. Digər 10 komandada isə bu rəqəm mənfidir. Yəni rəqiblər daha çox qol fürsəti əldə ediblər. Antirekord isə “Səbail”ə məxsusdur – -4,23. Bu, 63 liqalıq siyahıda ən pis 11-ci göstəricidir.

Qeyd edək ki, davam edən çempionatlarda cari mövsüm, başa çatanlarda isə son turnir nəzərə alınıb. (İdman.biz)

Bənzər xəbərlər