“Əla oynasaq da, istədiyimiz nəticəni qazana bilmədik”
“Əzmkarlıq baxımından heç bir problem olmadı və sonadək mübarizə apardıq”.
Bunu Msport.az saytına açıqlamasında “Qəbələ”nin futbolçusu Ruan Renato Premyer Liqanın IX turunda evdə “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
Braziliyalı müdafiəçi matça yaxşı başladıqlarını bildirib: “Təəssüf ki, ilk hissənin sonlarına doğru İlkin Qırtımov qırmızı vərəqə aldı. “Qarabağ”ın necə dominant komanda olduğunu bilirik. Onların təzyiqinə tab gətirməyə çalışdıq və əks hücumlar üçün şans gözləməyə başladıq. Son dəqiqələrdə yaxşı qol imkanımız olsa da, istifadə edə bilmədik”.
28 yaşlı arxa xətt oyunçusu Qırtımovun komandanı azlıqda qoymasına da toxunub: “Qəbələ”də belə bir şey var ki, udanda da, uduzanda da bunu birlikdə edirik. İlkin əla futbolçudur. Bir çox oyunda komandaya kömək edib. İstəkli və əzmkar oyunçudur. Futbolda belə hallar olur. O, rəqibi vurmaq istəmirdi. Amma sonda bu baş verdi. İndi bunu unutmaq vaxtıdır və əminəm ki, İlkin bu yarışda bizə çox kömək edəcək”.
Renato son vaxtlar nəticələrin istədikləri kimi olmadığını etiraf edib: “Əksər komandalar bu cür halla üzləşir. Ardıcıl 3 məğlubiyyətdən sonra hesab edirəm ki, yaxşı oynamışıq. Biz dönüş etmək üçün lazımi balansı qorumuşuq. Daim diqqətimizi növbəti rəqibə yönəltməli və çempionatdakı mövqeləri yaddan çıxarmamalıyıq. Hər oyunda əlimizdən gələni etməliyik. İnanıram ki, bacaracağıq”.
Təcrübəli futbolçu “Qəbələ”də özünü xoşbəxt hiss etdiyini söyləyib: “Klubun içindəki hər kəslə, fanatlarla yaxşı anlaşıram. Keçən mövsümkü nəticələmizə görə hamının komandaya böyük ümidlər bəslədiyini bilirəm. Bu hissləri yenidən yaşamaq üçün sona qədər mübarizə aparacağam. Ötən mövsümün sonu mənim üçün çox yaddaqalan alındı. Ümid edirəm ki, ən azı həmin uğuru təkrarlayacağıq”.