"Elə etmək lazımdır ki, bir də Azərbaycan millisində belə məşqçilər olmasın" - Ceyhun Sultanov
Millimizin baş məşqçisi Canni de Byazi ilə yeni müqavilə bağlanmalıdırmı? Bu günlərdə mətbuatda, idman ictimaiyyətində ən çox müzakirə olunan mövzu budur. İtaliyalı mütəxəssisin qalmasını istəyənlər son 3 qələbəni əsas gətirirsə, digər tərəf verilən tapşırığın öhdəsindən gəlinmədiyini vurğulayırlar.
Millimizin sabiq futbolçusu, “Sumqayıt”, “Neftçi”, “Keşlə” kimi klublarda idman direktoru kimi işləmiş Ceyhun Sultanov da De Byazinin göndərilməsinin tərəfdarlarındandır. O, Msport.az-a açıqlamasında fikirini belə əsaslandırdı:
“De Byazi ilə müqavilənin uzadılmasının qəti əleyhinəyəm. Çünki müqavilə artırılsa, yenə bir neçə il itirəcəyik. Artıq neçə ildir burdadır və qarşısına qrupdan çıxmaq məqsədi qoyulmuşdu. Bunu reallaşdıra bilməyibsə, əlbəttə ki, müqaviləsi artırılmamalıdır. Ümumiyyətlə, elə etmək lazımdır ki, bir də Azərbaycan milli komandasında belə məşqçilər olmasın. Sadəcə formal xarakter daşıyan italiyalı mütəxəssis gördük. Son 3 oyunda qələbə qazanmaq o demək deyil ki, irəliləyiş var. Qrupdan çıxsaydı, hə, o zaman demək olardı ki, bu məşqçinin işi var, ondan nəsə gözləməyə dəyər. Bu nəticəni – Millətlər Liqasında qrupda 2-ci yeri tutmağı – Qurban Qurbanov da göstərib, hətta bundan daha yaxşı futbol oynayaraq”.