"Elə məğlubiyyətlər var ki, məntiqi olur" - Belçika mətbuatı "Gent"in Bakıda uduzması haqqında
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off matçında “Gent” üzərində 1:0 hesablı qələbəsi Belçika mətbuatında da müzakirə olunur.
Msport.az xəbər verir ki, “dhnet.be” saytı Bakıdakı oyuna geniş yer ayırıb.
Maksim Jakın hazırladığı yazı “Gent” “Qarabağa” uduzdu və Avropadakı gələcəyi qaranlıq görünür” adlanır:
“Elə məğlubiyyətlər var ki, məntiqi olur. “Gent”in “Qarabağ”a uduzması heç bir mübahisə doğurmur: Azərbaycanlılar meydanda daha yaxşı idilər. Lakin onlar bir qol vurdular ki, bu da Hanz Vanhazebrukun komandasına gələn həftə “Qelamko Arena”da keçiriləcək cavab matçı öncəsində ümidlərini saxlamağa imkan verdi.
“Gent”in hələ də şansı qalırsa, buna görə Devi Rufa minnətdar olmalıdır. 29 yaşlı qapıçı çox möhtəşəm oyun keçirdi. O bir neçə dəfə həlledici məqamda komandasını xilas etdi. Xüsusilə Ruf VAR-a baxıldıqdan sonra əllə oyuna görə təyin olunmuş penaltini dəf etdi. Hərçənd penalti şübhəli idi, Torunariqa aşkar şəkildə əllə oynamamışdı. Matçın sonlarında onu qapı tiri xilas etdi. Hakimin əlavə etdiyi dəqiqələrdə isə Zubirin fərqlənməsinə imkan vermədi.
ÇƏRÇİVƏYƏ ZƏRBƏ YOXDUR
“Anderlext”in sabiq qapıçısı Rufu yalnız Leandro Andradenin fərqləndiyi epizodun əvvəlində topu uğursuz şəkildə oyuna daxil etməsinə görə günahlandırmaq olar. “Camışlar” irəlidə çox təhlükəli ola bilmədilər. Onlar çərçivə istiqamətinə dəqiq zərbə endirməyi bacarmadılar. Honq və Orban fasilədən əvvəl təhlükə yaratmağı bacarmışdılar. Amma bu qol vurmaq üçün elə də real imkan deyildi. Lakin gələn cümə axşamı növbəti mərhələyə yüksəlmək üçün məhsuldar oynamaq əsas şərt olacaq”.
AYXAN







