featured-image-15082

“Əliyar hakimliyə yeni başlayanda mənim ən sevimli tələbələrimdən biri olub. Onun xətrini çox istəyirəm. Hərdən çağırıb söhbət edirəm. Deyirəm ki, səni yalandan tərifləyənlər düşmənlərindir. Gərək, insanın səhvini üzünə deyəsən ki, onları təkrarlamasın. Biz də belə görmüşük. Bizi də tənqid ediblər”.

Bunu Msport.az saytına açıqlamasında ümumittifaq dərəcəli keçmiş referi Rüstəm Rəhimov “Qarabağ”ın futbolçusu Filip Ozobiçin “Sumqayıt”la Premyer Liqanın X tur matçında Almir Aqanspahiça qarşı etdiyi qayda pozuntusu ilə bağlı danışarkən deyib.

AFFA Veteranlar ittifaqının sədr müavini bildirib ki, həmin epizodda xorvatiyalı yarımmüdafiəçiyə birbaşa qırmızı vərəqə verilməli idi: “Əliyar yanlış qərar qəbul etdi. Amma onun tutduğu mövqedən çox şey asılıdır. Epizod meydanda bir cür, televizordan başqa cür görünə bilər. Bu, çox önəmli amildir. Məsələn, mən ekran qarşısında görürəm ki, orada Ozobiç açıq ayaqla rəqibə zərbə endirir. Birmənalı şəkildə qırmızı vərəqədir. Ağayev isə “sarı” verir”.

Rəhimovun sözlərinə görə, həmin epizodu FIFA referisi görməyə bilər, amma VAR dərhal müdaxil etməli idi: “Bizim vaxtımızda bu sistem yox idi. İndi hakimlərin işini asanlaşdırıblar. Təbii ki, istənilən halda qərar baş hakimə məxsusdur. Son söz onundur. Amma mütləq VAR-dan müdaxilə olmalı idi”.

O, Ağayevin “Qarabağ”a kömək etməsi iddiaları ilə razılaşmadığını söyləyib: “Əliyar elə oğlan deyil. Boş söhbətlərdir. İndiki hakimlərin səviyyəsi aşağı, təcrübəsi az ola bilər. Amma onlara hansı komandanın qalib gəlməsinin fərqi yoxdur. Deməyim odur ki, Əliyar həmin epizodda obyektiv idi. Sadəcə, səhvə yol verdi”.

Rəhimov bu cür səhvlərin referilərin beynəlxalq oyunlara təyinat almasına mənfi təsir göstərdiyini vurğulayıb: “Ölkə çempionatının oyunlarında diqqətli olmaq lazımdır. Çünki UEFA-da bütün qərarları dəyərləndirirlər. Avrokuboklarda belə səhvləri bağışlamırlar. Hakim-inspektorlar pis qiymət yazacaqlar. Ona görə də biz burada səhvləri malalamağa çalışmamalıyıq. Nə varsa, onu deməli, hakimlərə düzgün istiqamət verməliyik”.

Bənzər xəbərlər