Elmar Baxşıyev üçün SOS siqnalı
“Qəbələ” “Şamaxı” ilə səfər heç-heçəsindən (1:1) sonra dünən də öz meydanında “Kəpəz”lə matçda vacib xallar itirdi – 1:1. Halbuki “qırmızı-qaralar” ötən mövsümlə müqayisədə heyətin özəyini qoruyan azsaylı komandalardandır.
Əgər baş məşqçi Elmar Baxşıyev “Sabah”a, “Neftçi”yə uduzduqları qarşılaşmalardan sonra komandasının “yaxşı oynadığını, çoxlu qol vəziyyətləri yaratdığını” deyirdisə, indi bununla da öyünə bilməyəcək. “Kəpəz”lə görüşdə “Qəbələ”nin yetərincə təhlükəli epizodu olmadı. İkinci hissədə isə qonaqlar daha yaxşı təsir bağışladı və hətta qələbə qolunu da vura bilərdilər. Özü də Gəncə klubu Qəbələyə ciddi itkilərlə gəlmişdi. Tərlan Əhmədov müdafiənin mərkəzini Yeqor Xvalko ilə Elçin Əlicanova tapşırmışdı. Start heyətində əvvəlki matçlarda az-az oynayan Tural Rzayev, Ruslan Süleymanov kimi futbolçular meydana çıxmışdı.
“Qəbələ” futbolçuları rəqibi ustalıq səviyyəsi baxımından üstəsələr də meydanda can qoyan, xal qazanmağı daha çox istəyən, sona qədər mübarizə aparan məhz “Kəpəz” idi. Tərlan Əhmədovun 2-ci hissədə meydana buraxdığı Fərid Nəbiyev mükəmməl qolla keçmiş komandasını (Nəbiyev “Qəbələ” akademiyasının yetirməsidir) cəzalandırdı. Hətta bildiyim qədər mövsümün əvvəlində Nəbiyev “Qəbələ”yə də təklif olunub amma onlar keçmiş futbolçularını götürmək istəməyiblər.
Turnir cədvəlinin alt sıralarında olan iki komanda ilə bərabərlik “Qəbələ” üçün SOS siqnalı olmalıdır. Düzdür, Baxşıyev oyundan sonra mətbuat konfransında sfutbolçuları ilə hər dəfə ciddi danışdığını deyir. Lakin ciddi danışmağın nəticəsi budursa, görün indi bir az loyallıq olsa, nə baş verərdi?!
Ramon Maçado “Qəbələ”yə gələndə düşünürdüm ki, komandanın liderlərindən biri olacaq, vacib qollar vuracaq. Lakin brazilyalı hücumçu 10 görüşdə cəmi 2 dəfə fərqlənib. Açıq-aşkar görünür ki, Maçado əyalət klubunda “Neftçi”dəki kimi oynamır. Bilmirəm, səbəb adaptasiyadır, yoxsa məşqçi ondan lazımınca istifadə edə bilmir. Hər halda forvard əlinə düşən imkanları sağa-sola xərcləyir.
Eyni sözləri Omar Hani haqqında da demək olar. İordaniyalı vingerin müqaviləsi uzadıldıqdan sonra sanki özü-özü üçün oynayır. “Kəpəz”lə matçda da Hani 100 faizlik qol şansını əldən verdi. Ən pisi də odur ki, bundan sonra sakit-sakit meydanda gəzir, o cür imkanı qaçırdığına görə narahat olmur.
Elmar Baxşıyev ötən mövsüm komandanı gözlənilmədən avrokuboklara apardı. Amma cari çempionatda vəziyyət fərqlidir. Heyət gücləndirilib, yeni futbolçular cəlb olunub və artıq hər kəs “Qəbələ”nin yüksək yerlər uğrunda mübarizə aparmasını qanunauyğunluq kimi qiymətlənləndirir. Futbolçularda isə sanki ötən çempionatdakı istək, əzmkarlıq qalmayıb. Halbuki bu il hər şey daha fərqli, daha yaxşı olmalı idi.
Baxşıyevin qarşıdakı matçlar üçün B planının olub-olmadığını bilmirəm. Təqvim isə “Qəbələ” üçün çox ağır gəlir. Növbəti 3 tur: “Sabah”la səfərdə, “Zirə” ilə evdə və daha sonra “Neftçi” ilə rəqib meydanında oyunlar. Bu 3 görüşdən sonra “Qəbələ”nin aktivində neçə xal olacaq? Əgər hər şey uğursuz olsa, hətta Baxşıyevin “Qəbələ”dəki kreslosu da laxlaya bilər.
ELNUR MƏMMƏDLİ







