Elmar Baxşıyevin tərəddüdləri - "Hələ ki burdayam"
“Qəbələ” mövsümün son oyununda “Kəpəz”lə bərbərə qalıb (1:1) UEFA Konfrans Liqasına vəsiqə qazandı. İyunun 3-də “qırmızı-qaralar” “Neftçi” ilə Azərbaycan kubokunun final matçına çıxacaq. Belə həssas məqamda, həlledici görüşə 6 gün qalmış “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin komandada qalıb-qalmayacağı bəlli deyil. Əslində onun adı xeyli vaxtdır “Neftçi” ilə birgə hallanır.
Dünən mətbuat konfransında Baxşıyevə ünvanlanan suallardan biri də məhz onun “Qəbələ”dəki gələcəyi ilə bağlı oldu. “Sizin də müqaviləniz bitir. Komandada qalacaqsınız?” sualına 42 yaşlı mütəxəssis birmənalı şəkildə, qətiyyətlə cavab verə bilmədi.
“Mən “Qəbələ”nin baş məşqçisiyəm” sözünün ardınca gələn “hələ ki burdayam” kəliməsi tərəddüd və şübhədən xəbər verirdi. Hətta mətbuat konfransına toplaşmış həmkarlarımız da “hələ ki burdayam” açıqlamasından sonra dodaqaltı gülümsəməyə başladılar.
İlkin Fikrətoğlu “Atları yəhərləyin” filmindəki məşhur frazanı yada salıb hələ ki “Qəbələ”nin baş məşqçisi olan Baxşıyevə zarafatla söz atdı: “Nəbi qağa, deyəsən, gedirsiz aaa”.
Baxşıyev kubokun finalında “Neftçi”ni məğlub edib paytaxt klubuna qalib kimi getmək arzusundadır. Lakin hadisələr fərqli formada da cərəyan edə bilər. Görünən odur ki, Elmar bəy “Qəbələ”dəki gələcəyi ilə bağlı tərəddüd içindədir, “hələ ki burdayam” sözünün altında da çox şey gizlənir.
AYXAN







