Elnur Cəfərov "Neftçi" ilə bağlı sualdan yayındı: "Kölgədə qalmağım öz günahımdır" - MÜSAHİBƏ
“Kəpəz”in futbolçusu Elnur Cəfərovun Msport.az saytına müsahibəsi
– Premyer Liqanın ilk turunda evdə “Neftçi”yə qalib gələrək mövsümə əla başladınız. Rəqib bu gün büdcəsinə görə qat-qat güclü olsa da, qələbəni məhz siz qazandınız. Sizcı, “Kəpəz” iddialı rəqibini nəyin hesabına məğlub etdi?
– Əsas inanmaqdır. İstək olan yerdə hər zaman qələbə də olur. Biz də bunu sübut etdik. Qələbəyə tək mən yox, bütün komanda inanırdı.Xarakter göstərdik, Allah da bizi sevindirdi.
– Oyun vaxtı hava həddindən artıq isti idi. Ümumiyyətlə, bu cür havada oyun keçirmək təhlükəsizlik baxımından nə dərəcədə düzgündür?
– Təlim-məşq toplanışımız Gəncədə keçdi. Hazırlıqlarımız həm səhər, həm də günortadan sonra olurdu. Ona görə də istiyə öyrəşmişdik. Şərtlər hər iki komanda üçün eyni idi. Şükürlər olsun, sona qədər dözə bildik. Hava şəraitindən asılı olmayaraq, işimiz qaçmaq, mübarizə aparmaqdır. İstənilən halda oynamalıydıq.
– Uzun fasilədən sonra Premyer Liqa oyununda meydana çıxdınız…
– Buna görə sevincliyəm. Divizionda hardasa 2 ilim getdi. Aşağı dəstə ilə elita arasında çox böyük fərq var. Ümid edirəm ki, “Kəpəz”lə birlikdə Premyer Liqada daha yaxşı nəticələr əldə edərik.
– Vaxtilə Azərbaycanın ən istedadlı futbolçularından biri hesab olunurdunuz. Amma sonradan kölədə qaldınız. Səbəb nə oldu? Karyeranız niyə istədiyiniz kimi alınmadı?
– Hər futbolçunun karyerasında bu cür eniş-çıxışlar olur. Mən də tez parladım, sonra müəyyən problemlər oldu. Kölgədə qalmağım öz günahımdır. Hər şey təcrübəsizliyimdən qaynaqlandı. İndi özümü daha təcrübəli hiss edirəm. Amma bu gün yenidən Premyer Liqa klubundayamsa, deməli, ümidimi üzməmişəm. “Kəpəz” rəhbərliyinə, baş məşqçi Azər Məmmədova, köməkçilərinə təşəkkür edirəm. Heç kimin inanmadığı vaxtlarda mənə etimad göstərdilər. Şükürlər olsun ki, bu gün hər şey qaydasındadır. İnanıram ki, hər şey bundan da yaxşı olacaq. Heç nə üçün gec deyil.
– Bir vaxtlar “Neftçi”nin də formasını geyinmisən və bu komandadan yaxşı ayrılmamısan. Sabiq komandana qarşı hər hansı aqressiyan, incikliyin qalıbmı?
– Ən yaxşısı, bu suala cavab verməyim. Sadəcə, onu deyim ki, heç bir incikliyim qalmayıb. Ən çox zədə aldığım komanda “Neftçi” olub.
– Necə düşünürsünüz, yenidən əvvəlki formanıza qayıtmaq, daha iddialı komandalarda oynamaq mümkün olacaq?
– Həyatda mümkünsüz heç nə yoxdur. Yalnız ölemə çarə tapılmır. İstək olan yerdə hər şey mümkündür. İnanıram ki, yenidən bacaracam.
– Növbəti turda “Zirə”nin qonağı olacaqsız. Bu matçdan nə gözləyirsən?
– “Neftçi” üzərində qələbədən sonra komandada əhval-ruhiyyə yüksəkdir. Psixoloji üstünlüyümüz var. “Zirə” ilə oyuna da həmişəki qaydada hazırlaşırıq. İnanıram ki, səfərdən yaxşı nəticə ilə qayıdacağıq.







