featured-image-21940

“Neftçi” – “Zirə” oyununda (1:0)  meydan sahiblərinin azarkeşlərinin Emin Mahmudova yönəlik şüarları diqqəti cəlb etdi.

Msport.az xəbər verir ki, “Neftçimania” azarkeş qrupu “Neftçi”ni tərk elə, Mahmudov” qışqıraraq kapitana təzyiq göstərirdilər. Buna səbəb son vaxtlar 30 yaşlı futbolçunun “ağ-qaralar”dan ayrıla biləcəyinə dair xəbərlərdir. Mətbuatda yazılanlara inansaq, yarımmüdafiəçi “Neftçi” ilə müqaviləsini uzatmaq istəmir və “Qarabağ”, “Sabah”la danışıqlar aparır.

“Neftçi” yayılan xəbərləri təkzib edib və yaxın zamanlarda yeni müqavilənin bağlanması ilə bağlı danışıqların başlayacağını açıqlayıb.

İndiki məqamda Mahmudova fanatlar tərəfindən belə təzyiq heç də xoş deyil. 2017-ci ildən “ağ-qara” formanı geyən Emin son illər bəlkə də “Neftçi”də ən çox can qoyan futbolçulardandır. O, dəfələrlə millinin düşərgəsindən yorğun, zədəli gəlsə də, heç vaxt  “Neftçi”nin heyətində oynamaqdan boyun qaçırmayıb.  Mahmudovun oyunu alınmayanda paytaxt klubunda işlərin necə tərs getməsinin dəfələrlə şahidi olmuşuq. Elə “Sabah”la son görüşü (0:2) götürək, kapitan imkanlarından zəif oynadı və “Neftçi” rəqib qarşısında aciz qaldı, bütün komponentlərdə uduzdu.

Emin ümumilikdə, “Neftçi”də 172 oyun keçirib və 42 qol vurub. Gəlin razılaşaq ki, bir yarımmüdafiəçi üçün əla göstəricidir. Bakılıların uzun fasilədən sonra 2021-ci ildə yenidən çempion olmasında da Mahmudovun böyük rolu oldu.

Bir sözlə, Emin bu cür münasibətə, azarkeşlər tərəfindən təzyiqə layiq deyil. Məncə, o, “Neftçi” ilə yeni müqavilə bağlayıb komandada qalacaq. Bəlkə də yarımmüdafiəçinin klubdan getmək istəməsi, “Qarabağ” və “Sabah”la danışıq aparması şaiyədən başqa bir şey deyil. Amma fanatlar tərəfindən bu cür münasibət onu küsdürə bilər. İstənilən futbolçu arzulanmayan yerdə qalanda sıxılır, performansını tam ortaya qoya bilmir və sonra qaçıb canını qutarmaq istəyir. Odur ki, indi kapitana dəstək lazımdır, azarkeşlər ona sevildiyini göstərməlidir. Əks halda mərdi qova-qova namərd edə bilərlər.

ELNUR MƏMMƏDLİ 

Bənzər xəbərlər