“Etiraf edək ki, "Qarabağ"da qapıçı problemi var” - Sənan Qurbanov
“Qapı xətti “Qarabağ”da əməlli-başlı problemə çevrilib. Quqeşaşvili “Turan Tovuz”la səfər oyununda səhvləri ilə yadda qaldı. Gənc Amin Ramazanov çərçivədə olarsa, o, da hər kəsə həyəcan siqnalı ötürəcək”.
Bunu Msport.az-a açıqlamasında “Qəbələ” və “Keşlə” komandalarının sabiq baş məşqçisi Sənan Qurbanov deyib. O, “Gent”lə oyunda da hər zamankı kimi “Qarabağ”dan uğur gözlədiyini bildirib:
“Baxmayaraq ki, Kadi və Ovusu komandanı tərk edib, qapıda böyük itki baş verib, amma yenə də ümidlə yanaşırıq.
Uğurlu mövsüm keçirdikdən sonra aparıcı futbolçulara təkliflərin gəlməsi normal idi. “Qarabağ”ın heyətində yeni oyunçular var. Çempionatda və Antalyadakı təlim-məşq toplanışında onların oyununu izləyə bildik. Qurban müəllimin dediyi kimi görünən odur ki, hələ istənilən formada deyillər. Son 3 matçı götürsək, “Qarabağ” istədiyi oyunu göstərə bilmir. Düzdür, “Sabah”la görüşü istisna etmək olar. Ağdam klubu həmin oyunda özünə daha çox bənzədi. Gənc Amin Ramazanova şans verilmişdi, məncə, həyəcan hiss olunurdu. Etiraf edək ki, “Qarabağ”da qapıçı problemi var. Seçim imkanı geniş deyil, ya Quqeşaşvili olacaq, ya da Ramazanov. Düşünürəm ki, baş məşqçi “Sabah”la olan heyətə şans verə bilər. Amma qapıçı mövqeyində Qurban müəllim bir xeyli düşünəcək”.
Qurbanov yeni transferlərin yaxşı karyeraya malik olduqlarını desə də, hələ formaya düşmədiklərini vurğuladı: “Ola bilər ki, yeni legionerlərdən kimsə, əsas heyətdə olsun. Birinci oyunda yaxşı nəticə qazanmaq psixoloji baxımdan çox vacibdir. Futbolçularda motivasiya yaranacaq. Yenə deyirəm, ola bilər, “Sabah”la matçdakı heyəti görək. Benziya uzun müddət futbolsuz qalıb. Diakabi təlim-məşq toplanışında olsa da, o, da 90 dəqiqə oynamağa hazır deyil”.
Qurban Qurbanov”Gent”lə qarşılaşmada Musaya start heyətində şans verəcəkmi?
“Musaya gənc deyirik, amma artıq çempionatda 16 qol vurmağı bacarıb. Millimizin heyətində də fərqlənib. Məncə, Musa əsas heyətdə öz yerini qazanıb. Avrokubok təcrübəsi də var. Bütün bunları nəzərə alsaq, onu ilk dəqiqələrdən meydanda görə bilərik”.
AYXAN







