featured-image-20067

“Kəpəz”in futbolçusu Fərid Nəbiyevin Msport.az saytına müsahibəsi

– “Kəpəz” mövsümün ilk hissəsini 12 xalla 9-cu pillədə tamamladı. Komandanın çıxışını necə dəyərləndirirsiniz?
– Əlbəttə, 9-cu yerdə olmaq bizim üçün yaxşı deyil. Amma oyun olaraq, demək olar ki, komanda şəklində yaxşı çıxış edirik. Sadəcə, bəzi matçlarda ani diqqətsizlikdən qapımızda qollar görürük. Bu isə turnir cədvəlindəki mövqeyimizə təsirini göstərir.

– Komandada bəzi futbolçularla baş məşqçi arasında xoşagəlməz hallar yaşandı. Sizcə, bu, çıxışınıza nə dərəcədə təsir göstərdi?
– Hər komandada söz-söhbət olur. Bu, baş məşqçi ilə oyunçular arasında olan bir şeydir. Mənim fikir bildirməyim düzgün deyil.

– Öz çıxışınızın necə, uğurlu alındığını demək olar?
– Mövsümə yaxşı başlamadım. Amma daha çox oynadıqca, formamı bərpa etməyə çalışıram. Son matçlar göstərdi ki, hər şey yavaş-yavaş öz qaydasına düşür. Ümid edirəm ki, təlim-məşq toplanışından sonra bundan da yaxşı təsir bağışlayacağam.

– Bir az keçmişə qayıdaq. Çexiyada oynayarkən çoxları sizin daha yaxşı kluba gedəcəyinizi gözləsə də, alınmadı. Nə baş verdi ki, Azərbaycana qayıdası oldunuz?
– Vətənə qayıtmağım o demək deyil ki, xaricdən gələn təklifləri dəyərləndirməyəcəyəm. Sadəcə, daha çox oyun praktikası qazanıb diqqət mərkəzində olmaq istəyirəm.

– Ölkə xaricində daha çox diqqət mərkəzində olursan, nəinki Azərbaycanda…
– “Kəpəz” mənim üçün daha məqsədəuyğun variant idi.

– Çexiyada oynayarkən başqa klublardan təklifiniz var idi?
– Bəli, var idi. Amma açıqlamaq istəmirəm.

– Niyə azərbaycanlı futbolçular legioner həyatı yaşamaqda çətinlik çəkirlər? Bu, mentalitetlə bağlıdır? Bəlkə iradələri zəifdir, ailələrindən ayrı qala bilmirlər?
– Nə deyim? Bəlkə onların problemi var, ölkədən kənarda qala bilmirlər, rahat olmaq istəyirlər. Hərə bir cürdür. Başqalarını bilmirəm, amma mənim üçün ölkə xaricində oynamaq çox rahat idi. Sadəcə, daha çox oyun praktikası üçün Azərbaycana qayıtdım.

– Adətən futbolçulara qış fasiləsində də təkliflər gəlir. Hansısa variant var?
– Bu barədə menecerimdən heç nə soruşmamışam. Çünki əsas hədəfim mövsümün sonunadək “Kəpəz”də əlimdən gələnin ən yaxşısını etməkdir.

– Yəqin ki, milli komanda barədə də düşünməyə başlamısınız…
– Əlbəttə, əsas yığmada oynamaq arzumdur. Məşqçilər heyəti nə vaxt məsləhət bilib çağırar, gedib oynayar, əlimdən gələni edərəm.

Bənzər xəbərlər