featured-image-22494

“Neftçi”nin meydanda ən çox can qoyan futbolçusu Emin Mahmudov olsa da, “ağ-qaralar”ın azarkeşləri kapitandan narazıdır. Son turlarda 31 yaşlı futbolçunun təzyiqə məruz qalmadığı oyun demək olar ki, yoxdur. Xüsusilə “Neftçimania” azarkeş qrupunun üzvləri komandanın “düşünən beyni”ni hər turdan sonra tənqid edir, ona öz iradlarını bildirir. Bəlkə də elə məhz bu səbəbdən təcrübəli oyunçu klubun yeni müqavilə təklifinə hələ də cavab verməyib.

Görəsən, azarkeşlərin “Neftçi”nin ən yaxşı oyunçusuna qarşı bu münasibətinin kökündə nə dayanır? Məsələyə aydınlıq gətirmək məqsədilə “Forza Neftçi” azad azarkeş qrupunun yeni rəhbəri Səccad Abasovla əlaqə saxladıq.

O, Msport.az saytına açıqlamasına bunları söylədi: “Forza Neftçi” olaraq heç bir futbolçu ilə problemimiz yoxdur. Düzdür, Emin Mahmudov komandanın kapitanıdır və meydanda məsuliyyəti 3-4 qat artıqdır. Dəfələrlə özünə də bu barədə iradımızı bildirmişik. Demişik ki, kapitansansa, oyuna daha çox köklənməlisən. Qoy, digər futbolçular da səndən ibrət götürsünlər ki, əsl kapitan necə olmalıdır. Emində bəzən bu çatışmazlıqlar olub. Buna irad bildirsək də, hər hansı şəxsi problemimiz, hörmətsizliyimiz olmayıb.

“Neftçimania” azad azarkeş qrupunun da öz fikri var. Açığı, aralarında nə problem olduğunu bilmirəm. Özlərindən soruşsanız, daha yaxşı olar. Onlar da bizim kimi azarkeşdir, “Neftçi”yə bağlıdır. Ola bilər ki, Eminlə bağlı fikirləri fərqlidir. Şəxsi problemləri də ola bilər. Amma bu, sadəcə ehtimaldır. Çünki bunu nə görmüşəm, nə də eşitmişəm. Eyni kluba azarkeşlik etsək də, ayrı-ayrı sektorlarda oluruq.

Azarkeşin istəyi nədir? Futbolçudan normal oynamasını tələb edir. Mənə elə gəlir ki, “Neftçimania” bunu Eminə normal şəkildə bildirib. Futbolçu və ya klub bunu aqressiya ilə qarşılayıbsa, heç düzgün hərəkət deyil. Tərəfdar istəyir ki, komanda yaxşı oynasın, kapitan da futbolçuları öz arxasınca aparsın. Mahmudov bunu kapitan olaraq bacarmırsa, ona normal şəkildə irad bildirilib. Biz irad bildirməmişiksə, o demək deyil ki, heç nə deməyəcəyik. Şəxsiyyət kimi Emin çox gözəl insandır. Amma kapitan kimi ondan istədiyimizi heç vaxt almamışıq. Bunu özünə də dəfələrlə çatdırmışıq. Amma kimisə təhqir etmək, şəxsiyyətinə toxunmaq yolverilməzdir. İnanmıram ki, “Neftçmania” belə bir şey etsin. Yəqin ki, irad bildiriblər, bu da düzgün qarşılanmayıb”.

CAHİD

 

Bənzər xəbərlər