“Futbol hakimin final fitində bitmir” - Azər Bağırov
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 3-cü turunda səfərdə “Qarabağ”a 1:2 hesabı ilə məğlub olub.
Msport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:
– Rəqib nə qədər yorğun görünsə də, çətin oyun olacağını bilirdik. “Qarabağ”ı avrokuboklardakı uğuruna görə təbrik edirəm. Bu gün yaxşı oynadıq. Futbolçular arasında adaptasiya getməlidir. Gələcək oyunlarda düzələcək.
– Sonda hesabı qorumaq üçün nə çatışmadı?
– Futbolçulara deyirəm ki, hər zaman motivasiya olmalıdır, konsentrasiya itməməlidir. Futbol hakimin final fitində bitmir. Paltardəyişmə otağında bitməlidir. Uşaqlar kosnentrasiyadan düşdülər. Yorğunluq da ola bilər. Yaxşı oynadıq. Əhsən onlara.
– İki legioneri sonradan meydana buraxdız. Halbuki onlar əsas oyunçulardır…
– Qurban müəllim çempionat oyunlarında ikinci hissədə güclü oyunçuları meydana buraxır. Biz də istədik ki, ikinci hissədə onları meydana buraxaq.
– İlk yarıda sizin, ikinci hissədə “Qarabağ”ın penaltisi verilmədi. Hakimin nəticəyə təsiri oldu?
– Hakimlik bir şey yoxdur. Görübsə, verəcək. VAR sistemi var. Amma yenə də hakimlik bir şey yoxdur. Onların üzərinə getməyin mənası yoxdur.
– Meydana 7 legionerlə çıxmışdınız, “Qarabağ” 7 yerli oyunçu ilə…
– “Qarabağ”dakı yerlilər neçə illərdir birlikdə oynayır. Onların bir-biri ilə anlaşması legionerlərdən geri qalmır. Üç turdur ki, bir yerdə oynaya bilirik. Birlikdə yoxlama görüşü də keçirməmişik. Uşaqlar bir-birini rəsmi oyunlarda hiss edirlər. Çətindir. Amma çətinliklərin hamısını adlamalıyıq.