featured-image-13510

Gənclər və idman naziri Fərid Qayıbov vəzifəyə gəldikdən sonra müxtəlif bölgələrə səfər edir, Olimpiya Komplekslərinə baş çəkir, görlən işlərlə yerindəcə tanış olur. İlk baxışdan hər şey əla görünür:  gənc, enerjili:, yeni nəsil kadrlarından sayılan nazir işləyir, bir dəqiqə boş dayanmır görüntüsü yaranır. Amma gəlin baxaq, bu görüşlərdən sonra ortalığa hansı nəticələr çıxır? Olimpiya Komplekslərində idmanla məşğul olan uşaqların sayı artıbmı və ya əsaslı təmirə ehtiyac olan arenalarda hər hansı iş görülübmü? Yəni bütün bunları görüntü xatirinə eləmək dövrü çoxdan geridə qalıb.

Ümumiyyətlə, Gənclər və İdman Nazirliyi islahatlara birinci növbədə bölgələrdəki kadrlarından başlamalıdır. Əksər rayon gənclər və idman idarələrinin işi ildə bir- iki dəfə xala- xətrin qalmasın deyə turnirlərin təşkili və icra başçısı ilə yaxşı münasibətlər qurmaqdan ibarətdir.

Gənclər və idman naziri Fərid Qayıbov Gəncədə olub stadionun durumu ilə maraqlanıb. Düzü, şəkilləri görəndə mənə elə gəldi ki, Gəncədə hələ də 90-cı illərdəki kimi axşamlar işıqlar sönür, neft lampaları bazarlarda baha qiymətə satılır. Sonradan məlum oldu ki, Fərid Qayıbov Gəncəyə gecə saatlarında təşrif buyurub. Hətta fotoların birində “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədovun üzünə baxanda ürəyindən keçənlər duyulur:

media-309001529_600097268329673_3058912393847052441_n

“Mən bu vaxtlar üçüncü yuxuda olurdum axı, gecənin bir aləmində burda nə işim var”.

Böyük ehtimalla cənab nazir Şuşada şahmat turnirinin açılışından sonra birbaşa Gəncəyə gedib, əvvəlcə tikilməkdə olan İdman Sarayının  inşaat işlərinin gedişatı ilə tanış olub.  Daha sonra Olimpiya Kompleksinə baş çəkib, axşam saatlarında isə tez-bazar stadiona da dəyməyi qərara alıblar. Başa düşürəm:  qrafik sıxdır, vaxt isə məhdud. Hər yerə getmək olmur, bəzən bir günə bir neçə rayona səfər etmək məcburiyyəti yaranır. Amma nəzərə almaq lazımdır ki, Gəncə ölkənin ikinci ən böyük şəhəridir, Gəncə stadionu isə Azərbaycan idmanının ən problemli məkanlarından biri.

Nə isə qayıdaq yenidən gecə saatlarında olan “stadion gördüsünə”. Orda ən maraqlı kadrlardan biri qaranlıqda telefonun işığı ilə stadiondakı qəzalı tribunalara baxan şəxsdir.

media-308722057_600097958329604_8833570740819934035_n

Sanki kiminsə gecə saatlarında açarı itib və telefonun işığı ilə təcili onu tapmağa çalışır.

Yeri gəlmişkən, Gəncə şəhər stadionu Gənclər və İdman Nazirliyinin balansındadır və illərdir arenanın yenidənqurulmasına vəsait tapılmır.

Baxışın sonunda Gənclər və idman naziri stadionun yenidən qurulması ilə bağlı hansı məbləğdə vəsaitin tələb olunduğu yöndə qiymətləndirilmə aparılması üçün müvafiq tapşırıqlar verib.

Maraqlıdır bu müvafiq tapşırığın sonu necə olacaq? Hələlik isə nazirin stadiona səfəri məşhur lətifəni yadımıza salır, gecə saat 2-də də “Ana segahı” olar?

AYXAN 

Bənzər xəbərlər