featured-image-29386

“Gözəl qələbə alındı. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Qələbəni komandanın dar günündə arxasında dayanan azarkeşlərə hədiyyə edirik. Vacib qələbə idi. “Neftçi”yə qalib gəlmək xoşdur. Yolumuza davam edirik. Evdə qalib gəlməyimiz daha vacib idi. Çünki çoxdandır ki, çempionat matçlarında evdə qazanmırdıq. Futbolçularıma təşəkkür edirəm. Tapşırıqları yerinə yetirməyə çalışdılar. Həm oyun, həm də nəticə bizi qane etdi”.

Msport.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 33-cü turunun “Neftçi” (4:0) ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

– Kubokun yarımfinalında “Neftçi”yə uduzmuşdunuz. Bugünkü qələbə həmin oyundakı uğursuzluğun emosiyası, əsəbi idi, yoxsa necə?

– İki oyunu müqayisə etməzdim. Tam fərqli oyunlar, fərqli yanaşma idi. “Neftçi” həmin oyundakı kimi oynamadı. Bəlkə də, biz finala vəsiqə qazansaydıq, oyunlarımız ağır keçərdi. Futbolçularımda “Neftçi”ni udmaq istəyi daha çox idi. Azarkeşlərimizin qarşısında qalib gəlmək istəyirdik. Xüsusi bir şey yoxdur.

– “Turan Tovuz” bu mövsüm ilk dəfə rəqibinə dörd qol vurur. Bunun “Neftçi” ilə görüşdə reallaşması sizə motivasiya verir?

– Əlbəttə. Bu iki komandanın oyunları həmişə maraqlı və gərgin keçib. Futbolçularımızın hücumda belə aktiv olması, hücumçularımızın qol vurması bizi çox sevindirir. Bu, sezonun əvvəlində istədiyimiz oyun idi. Sadəcə vaxt lazım gəlirdi. Kubokun stressi bizə təsir etdi. Futbolçularım indi daha rahatdır.

– Bu oyun da göstərdi ki, kubokda “Neftçi”ni keçmək olardı. Qəbul edirsiz ki, kubokun yarımfinalında səhvləriniz oldu?

– Yox, qəbul qəbul etmirəm. Heç bir səhv yoxdur. O oyunda nə lazım idi demişdik. Sadəcə futbolçularımız son 15 dəqiqə stress yaşadı. Çox deyirlər ki, komanda çox oturmuşdu arxaya. Buna bizi rəqib məcbur etmişdi. Etdiyimiz dəyişikliklərə baxın. Hücumameyilli futbolçu buraxdıq oyuna. Matçdan sonra müzakirələr normaldır. Oyunu analiz etmişəm. Komandamızın bir az soyuqqanlı olmaması bizə maneçilik törətdi. Rəqibin real epizodu yox idi. İki oyunu da yaxşı oynamışdıq. “Neftçi” də həmin görüşə yaxşı hazırlaşmışdı.

– Runi Eva bu gün 3 qol vurdu və mövsümdəki 15-ci qoluna imza atdı. Onu növbəti mövsüm üçün komandada saxlamaq çətin alınacaq?

– Runi həqiqətən çox artırdı. Hücumçuların çempionatımıza uyğunlaşması çətindir. Amma Runi də öz komandasını tapıb. Qol vurması bizi sevindirir. Səhv etmirəmsə, 5-6-cı turda, “Qarabağ”la oyundan sonra mənə sual vermişdilər ki “Runini nəyə gətirmisiz?”. Onda 4-5 qolu var idi. Bu sual mənə qəribə gəlmişdi. Runinin bu gün 15 qolu var. Təbii ki, təklifləri olacaq. O da peşəkardır, qərar verməlidir. Biz də istəyirik onu. İnkişaf istəyiriksə, heyət qorunmalıdır, rəqabət üçün yeniləri də gəlməlidir. Runinin müqaviləsi başa çatır. Hər şeyi zaman göstərəcək.

– Standart vəziyyətlərdən daha çox qol vurursuz. Bunun üçün xüsusi işləyirsiz?

– Həftə ərzində həmişə bunun üzərində çalışırıq. Rəqibin kimliyinin fərqi yoxdur. Roderik Millerin gəlməsindən sonra standartlar üstünlüyümüzə çevrilib. Ötən turda da standart vəziyyətlərdən qollar vurduq. Bu, bizi sevindirir. Rəqiblər də bizə qarşı daha ehtiyatlı hazırlaşacaq.

– Kubokdan sonra iki oyun keçirib, iki qələbə qazanmısız. Kubokdan daha erkən vidalaşsaydınız, turnir cədvəlində fərqli mövqedə olardınız?

– Ola bilərdi. Kubok bizim üçün yük idi. Gələcəyimiz üçün geniş heyətimiz olmalıdır. Bəzi oyunlarda dəyişikliklərdə çətinlik yaşadıq. Özümüz də fikirləşirdik ki, kubok matçından sonra komanda yüngülləşəcək. Görünən də odur. Kubok bizim üçün yük idi.

– Solomon Kvirkeveliya ilə aranızda nə baş vermişdi?

– Neçə gündür ki, bu oyunun mediada ajiotajı var idi. Kubok matçından sonra rəqibin sevincinin videosu çıxmışdı. Biz də, bunu normal qarşılayırdıq. Çalışmışıq ki, azarkeşlərimizi sakitləşdirək. Çünki istəmirik ki, Tovuzda hansısa hadisə baş versin. Hadisəyə gəlincə, elə yerdə oyunçunun gəlib azarkeşlərə əl işarəsi ilə sakit dayanmağı göstərməsi qıcıqlandırıcıdır. Ona normal şəkildə dedim ki, buna ehtiyac yoxdur. Çünki hər şey ola bilər axı. Söhbət bu idi. Ola bilər ki, mən də sərt dedim, o da. Mən müdaxilə etməsəydim, azarkeşlərlə başqa dialoqa girəcəkdi. (sportal)

Bənzər xəbərlər