featured-image-21791

“Qarabağ”ın “Gent”lə UEFA Konrans Liqasının pley-off oyununa 16 gün qalır. Azərbaycan çempionu bu qış son illərdə heç vaxt olmadığı qədər dəyişikliyə məruz qalır.

Dünən Ovusu Kvabenanın da “Ferentsvaroş”a transferi rəsmiləşdi. Ağdam klubu Kadidən sonra daha bir aparıcı futbolçusunu itiridi. Xüsusən də İbrahima Vadjinin gedişindən sonra Ovusu hücum xəttində əvəzolunmaz simaya çevirilmişdi.

Düzdür, “Qarabağ” artıq heyəti gücləndirmək üçün bəzi addımlar atıb. İlk olaraq Adama Diakabi ilə müqavilə bağlansa da, görünən odur ki, onun formaya düşməsi xeyli vaxt aparacaq. Qurban Qurbanov da bu futbolçunun əvvəlki formasına qayıtması üçün çox işləməli olduğunu deyib.

Redon Cica daha çox perespektivə hesablanmış transferə oxşayır. Lakin Ovusu komandanı tərk etdiyindən albaniyalı forvard qarşıdakı matçlarda yəqin ki, əsas qol silahı kimi istifadə olunacaq. Sadəcə Cicanın Azərbaycan Premyer Liqasından elə də fərqlənməyən Albaniya çempionatından gəlməsi ağılda müəyyən suallar yaradır.

“Qarabağ”ın bu qış ən səs-küylü transferi şübhəsiz ki, Yassin Benziyadır. Fransalı futbolçunun ustalıq səviyyəsinə, çıxış etdiyi klublara baxanda gələcəyinə ümidlə yanaşmamaq mümkün deyil. Benziya “Fənərbaxça”ya keçəndə  Türkiyənin ən “deyingən” ekspertləri belə bu futbolçunu yüksək qiymətləndirirdilər. Zubirin komandada olması (Zubir də onun kimi ərəb əsillidir və dindardır) o deməkdir ki, Benzia darıxmayacaq və qısa müddətdə adaptasiya ola biləcək.

“Gent”lə görüşə 16 gün qalmış qapıçı məsələsinin həll olunmaması Qurbanov üçün ciddi problemdir. “Turan Tovuz” – “Qarabağ” oyunu (2:3) göstərdi ki, Luka Quqeşaşviliyə çərçivəni etibar etmək olmaz. Gürcüstanlı qolkiper adi vəziyyətlərdə səhvə yol verir, onun çıxışlarından  danışmağa dəyməz. Quqeşaşvilinin əsas qapıçıya çevirilmək üçün əlinə yaxşı şans düşsə də, o, bundan istifadə edə bilməyəcək.

Dünən Andrey Lunyovun da “Qarabağ”a transferinin alınmadığı təsdiqləndi. Açığı rusiyalı qapıçını Azərbaycan çempionu üçün heç də uğurlu variant hesab etmirdim. Lunyov oyun praktikasının yoxluğundan əziyyət çəkir, üstəlik bu yaxınlarda zədə almışdı. “Qarabağ”a isə indiki məqamda hazır, formada olan qolkiper lazımdır. Ancaq deyəsən, Qurbanov istədiyi, arzuladığı qapıçını tapa bilmir. Vay o haldan ki, “Qarabağ” Belçika klubu qarşısına Quqeşaşvili ilə çıxsın. Bu olar, əsl macəra.

Bu qış “Qarabağ”ın nə dərəcədə güclənib-güclənmədiyini yalnız “Gent”lə qarşılaşmalardan sonra biləcəyik. Onsuz da Ağdam klubu yerli çempionatda transfer etmədən belə hədəfinə rahat çata bilər.

AYXAN 

Bənzər xəbərlər