featured-image-21975

Donald Gerye iki dəfə “Qarabağ” və “Neftçi” macərasından sonra nəhayət, Azərbaycanda daha bir klub tapdı. İntizamsızlığı ilə ad çıxarmış haitili futbolçu “Zirə” ilə müqavilə imzaladı. Həmin “Zirə” ki, baş məşqçisi Rəşad Sadıqovdan onu gözəl tanıyan olmaz. “Qarabağ”da birgə çıxış etdiklərindən hansı yuvanın quşu olduğunu yaxşı bilir.

Bəlkə də Təmkin Xəlilzadəni göndərdikdən sonra “Zirə”yə əlimyandıda sol cinah müdafiəçisi lazım imiş və başqa yaxşı variant ortaya çıxmayıb. Amma hər kəs yaxşı bilir ki, Sadıqov Təmkini məhz intizamsızlığına görə, komandadan göndərdi. İndi Təmkin gedir və yerinə ondan geri qalmayan Gerye gəlir.

Müdafiəçi “Olimpiakos Nikosiya”da son dəfə ötən il sentyabrın 12-də meydana çıxmışdı. Amma görünür, heyətdə o dərəcədə ciddi problemlər olub ki, 4 ay oynamayan futbolçu “Neftçi”yə qarşı ilk onbirlikdə şans əldə etdi.

Gerye elə gələn kimi, ilk oyundaca özünü göstərdi. 33 yaşlı futbolçu 75-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoydu.

Düzdür, oyundan sonra “Zirə”nin baş məşqçisi VAR-ın qərarının anlaşılmaz olduğunu bildirdi. Lakin məsələ ondadır ki, passivində sarı vərəqə olan Gerye də ehtiyatlı davranmalı idi. Bir sözlə, haitili futbolçu debütündə komandaya, baş məşqçiyə belə sürpriz yaşatdı.

Yeri gəlmişkən, bu, cari mövsümdə “Zirə”nin futbolçularına göstərilən 6-ci qırmızı vərəqə olub, dördü çempionatda, ikisi isə kubokda. Bu göstəriciyə görə, qəsəbə klubu yalnız “Kəpəz”dən geri qalır – 7. Düzdür, bu qırmızıları intizamsızlıqla bağlamaq olmaz, əksəriyyət halda təkbətək mübarizələrdən sonra “Zirə”nin oyunçuları meydandan uzaqlaşdırılıb. Lakin istənilən halda hansı səbəb olursa-olsun, qırmızı vərəqələr yalnız komanın ziyanınadır və bir çox görüşlərdə bu səbəbdən xal və ya xallar əldən verilib.

AYXAN 

 

Bənzər xəbərlər