“Gilotsav, Badri” - "Şəmkir"in əfsanəsinin 57 yaşı tamam olur
Bir vaxtlar Azərbaycanın Qərb bölgəsində o, çox sevilirdi. Gəncədən Şəmkirə kimi hamı onun başına and içirdi.
“Kəpəz”in qızıl heyətini onsuz təsəvvür etmək mümkün deyildi. Sonralar isə “Şəmkir”in “Skonto”nu keçməsində böyük rolu oldu. Hətta onun adını azərbaycanlaşdırıb Bədir çağıranlar da var idi.
Bu gün Badri Kvaratsxeliyanın 57 yaşı tamam olur.
İndi bütün dünya onun oğlundan danışır. Xviçanın yeni Şevçenko olacağını, Kaladze kimi böyük karyera quracağını deyirlər. Xviça hər həftə “Napoli”nin heyətində qol vuranda, məhsuldar hərəkətlə yadda qalanda sanki bunda bizim də qatqımız var kimi sevinirik. Yeri gəlmişkən, Xviça uşaq olanda futbolda ilk addımlarını da Azərbaycanda atasının yanında atıb.
Texnikalı, güclü zərbələrə malik Badri 1997-98-ci illər mövsümündə “Kəpəz”də parladıqdan sonra “Şəmkir”in prezidenti mərhum Şahbaz Süleymanov onu yanına gətirdi. Həmin dövrdə artıq “Kəpəz” hegemoniyası başa çatır, “Şəmkir” yavaş-yavaş ölkənin bir nömrəli klubuna çevrilirdi. Yaxşı maliyyə imkanlarına malik olan komanda ölkənin ən güclü futbolçularını bir araya gətirə bilmişdi.
Badri “Şəmkir”ə gələndə artıq 33 yaşı var idi. Bəlkə də cəldlik, sürət əvvəlki kimi deyildi, amma gövdəsi ilə topu saxlaması, texnikası və qüvvətli zərbələrinə söz ola bilməzdi. Təsadüfi deyil ki, o, 2000-ci ildə 35 yaşında Azərbaycan milli komandasına dəvət aldı. Təcrübəli forvard 3 oyunda yığmamızın formasını geyinsə də, fərqlənə bilmədi. Halbuki həmin vaxt hamımız ona bir xilaskar kimi baxırdıq, fikirləşdik ki, Badri gəldisə, yığmamızda qol problemi həll olunacaq.
Kvaratsxeliya 1999/2000-ci illər mövsümündə Azərbaycan çempionatının ən sərrast futbolçusu adını qazandı.
2000-ci ilin yayında “Şəmkir” Azərbaycan klubları arasında ilk dəfə Çempionlar Liqasında mərhələ keçməyi bacardı. Həmin vaxt “Skonto” yetərincə “möhkəm” komanda hesab olunsa da, “qırmızı-ağlar” Bakıda Latviya klubunu 4:1 hesabı ilə məğlub etdilər. Oyunun qəhrəmanı isə het-trik edən Badri idi. İlk oyunda Azərbaycan klubu səfərdə 1-2 hesabı ilə məğlub olmuşdu. Cavab matçında 90-cı dəqiqədə hesab 1:1 olarkən Kvaratsxeliya fərqlənir və oyunu əlavə vaxta aparır.
“Skonto” üzərində qələbədən sonra Şahbaz Süleymanov əsas heyət oyunçularının hər birinə 1500 dollar mükafat verir. İndi bu məbləğ bir qədər gülməli görünə bilər, amma 2000-ci ildə 1500 çox adamın arzuladığı məbləğ idi.
2001-ci ildə isə..”Şəmkir” Uels təmsilçisi “Barri Taun”u keçə bilməyəndə Badri də zəif oynamaqda ittiham olunan futbolçular arasında idi. Ümumiyyətlə, həmin matçla bağlı qaranlıq məqamlar çoxdur. “Şəmkir”in zəif çıxışı və qısa müddət sonra Şahbaz Süleymanov klubdan göndərilir, o vaxtkı icra hakimi Aslan Aslanov nəzarəti ələ keçirir. O vaxtlar Kvaratsxeliya haqqında da müəyyən söz -söhbətlər gəzirdi. Amma bunun həqiqət olub-olmadığını müəyyənləşdirmək çox çətindir.
Badri 2005-ci ildə karyerasını “Şəmkir”də bitirdi – 40 yaşında.
Maraqlıdır ki, o, baş məşqçi kimi də debütünü Azərbaycanda etdi. 2009-cu ildə Sumqayıtın “Standart” klubunda başlayaraq. Ondan əvvəl isə “Sioni” və “Standart”da köməkçi işləmişdi. Kvaratsxeliya sonralar “Turan”da, eləcə də Gürcüstanın bir neçə komandasında çalışsa da, baş məşqçi kimi istənilən effekti vermədi.
İndi isə Badri ara-sıra mətbuatda dünyanın ən yaxşı futbolçularından birinin atası kimi görünür, müsahibələr verir. Bizim üçün isə o hər zaman “qırmızı -ağ” formada “Skonto”nu parçalayan Bədir kimi yadda qalacaq.
Gilotsav, (təbriklər – red.) Badri!
ELNUR MƏMMƏDLİ







