Gözümüz önündə böyüyən "Qarabağ"
Gün ərzində cəbhə bölgəsindən gələn xəbərlər, daha 21 şəhidin açıqlanması bəlkə də futbolu arxa plana keçirə bilərdi. Amma əslində elə məhz bu cür anlarda futbol ön plana çıxır.
1942-ci ildə II Dünya Müharibəsinin qızğın vaxtında almanlar tərəfindən tutulmiş Kiyevdə keçirilmiş “ölüm matçı” barədə yəqin ki, eşitmisiniz. Kiyevli futbolçulardan təşkil olunmuş “Start” almanların “Flakelf” komandası üzərində 5:3 hesabı ilə qələbə qazanıb. Deyilənə görə, oyundan sonra “Start”ın bəzi üzvləri düşərgəyə göndərilib, aralarında hətta güllələnənlər də olub. Yəni, sözümün canı odur ki, o boyda böyük savaşda belə, qan su yerinə axanda da insanlar futbolla təskinlik tapırdılar.
Dünən mətbuat konfransında Qurban Qurbanovun fikirləri də adamı düşünməyə sövq edir: “Ovusunun qolundan sonra tribunala tərəf göz gəzdirdim. Mən nadir hallarda tribunalara baxıram. Sadəcə insanların sevindiyini görmək istəyirdim”.
Dəfələrlə olub ki, “Qarabağ”ın legionerləri “biz bilirik ki, qalib gələndə, qol vuranda müharibədən əziyyət çəkən insanlar, qaçqınlar buna necə sevinirlər, təsəlli tapırlar. Bir də buna görə oynayırıq” fikirini səsləndiriblər. Kadinin oyundan əvvvəl mətbuat konfransında “ölkə üçün çətin dönəm olduğunu bilirəm. Şəhidlərin ailə üzvlərini qucaqlamaq və bağrıma basmaq istərdim” deməsi məncə, publikaya hesablanmış gəlişigözəl söz deyil. Ümumiyyətlə, Kadi azarkeş üçün oynayan futbolçulardandır. Bunu “Qarabağ”ın həm Bakıda, həm də səfərdəki matçlarında görmüşəm. O, hər qolunu məhz dolu tribunalar önündə azarkeşlər qarşısında qeyd etməyi sevir, onlar üçün oynayır.
“Qarabağ” gözümüzün önündə günü-gündən inkişaf edir, böyüyür. Artıq “böyük beşlik” ölkəsi təmsilçisini bu cür məğlub etmək bizim üçün adi gəlir. Vaxt vardı, “Qarabağ” səfərdə “Tvente” ilə heç-heçə edəndə, “Ayntraxt Frankfurt”a minimal hesabla uduzanda sevinirdik. Lakin indi Liqa-1 nümayəndəsi üzərində bu cür parlaq qələbə bizə belə də olmalıymış kimi gəlir. Bəlkə elə belə də olmalıdır…
İndi “Qarabağ” 7-8 il öncə 1 top fərqlə önə keçdikdən sonra hesabı qoruyan komanda deyil. İndi “Qarabağ” qollarının davamını gətirmək istəyir, rəqibi tam çökdürüb nokauta salmaq üçün mübarizə aparır. 2016-cı ildə “Viktoriya Plzen”lə səfər matçında çexlər azlıqda qaldıqdan sonra hesabı qorumaq istəyən “Qarabağ”dan indi əsər-əlamət yoxdur. Qurbanov artıq başa düşür ki, büdrəyən rəqibin üzərinə getmək, onu tam gücdən salmaq lazımdır. Əvəzetmələr də o vaxtla müqayisədə çox fərqlənir. Hesabda öndə olan “Qarabağ”ın baş məşqçisi meydana hücumameyilli futbolçular buraxır.
Məncə, “Qarabağ” illlərdir Xarici İşlər Nazirliyinin, səfirliklərin, diasporanın böyük büdcə qarşılığında görə bilmədiyi işləri görür. Özü də 1-2 həftə öncə yeni futbolçu almadığına görə qınadığımız “Qarabağ”.
ELNUR MƏMMƏDLİ