"Günorta saat 2-də yaxşı oyun göstərmək asan deyil" - Qurban Qurbanov
Azərbaycan Premyer Liqasının 21-ci turunda “Kəpəz” – “Qarabağ” oyunundan (1:1) sonra Qurban Qurbanov CBC Sport-a açıqlama verib. Msport.az xəbər verir ki, o, Gəncə klubunun minimum 1 xalı haqq etdiyini deyib:
“Gəncədə oynamaq heç də asan deyil. İstənilən vaxt burada problemlərlə üzləşmişik. Günorta saat 2-də yaxşı, aktiv oyun göstərmək asan deyil. Xüsusən də səfərdə. Düşünürəm ki, “Kəpəz” minimum 1 xalı haqq elədi. Bir neçə qol vəziyyətimiz oldu. Sanki qapıçıda maqnit var idi, topu özünə tərəf çəkirdi. Futbolçularıma deyiləcək iradım yoxdur. Onları çox yaxşı başa düşürəm. Qarşıdakı oyunlara daha ciddi hazırlaşmalıyıq və istənilən rəqibə qarşı hazırlıqlı olmalıyıq”.
“Qarabağ”ın baş məşqçisi gələn həftədən etibarən sıx qrafikdə oynayacaqlarını bildirib. O, bu hazırda komandanın idman formasının yaxşılaşdırmağın çətin olduğunu əlavə edib:
“Komandanın formasını yaxşı, sürətli oyunda artıra bilərik. Qış fasiləsindən sonra ilk oyunu saat 2-də Tovuzda süni örtükdə oynamışıq, bundan əvvəl “Şamaxı” ilə 16:00-da qarşılaşdıq. Bu görüşü günorta saat 2-də keçirdik. Futbolçunun bərpası, oyuna daha yaxşı hazırlaşmaq, məşq prossesi heç də asan olmur. Uyğun olmayan bir proqramla çempionata başlamalı olduq.
Qarşıda “Gent”lə matça kimi “Sabah”la oyunumuz var. Çox istəyirik ki, həmin görüşə kimi komandanı daha yaxşı səviyyəyə gətirək. Asan deyil, amma əlimizdə başqa variantımız yoxdur. Çalışacağıq ki, qarşıdakı oyunlarda futbolçuların performansını bir az da olsa yaxşılaşdıraq”.
AYXAN







