"Hakim səhvləri gətirib belə hallara çıxarır" - "Qarabağ"ın qapıçısı
“Qarabağ”ın qapıçısı Fabian Buntiç Azərbaycan kubokunun yarımfinal mərhələsində “Sabah”a qarşı keçirilən cavab oyunundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, xorvatiyalı qolkiper hakimin qərarından danışıb.
– Oyunla bağlı nə deyə bilərsiniz?
– Matça yaxşı başlamışdıq. Lakin qırmızı vərəqədən sonra vəziyyət dəyişdi. Təbii ki, rəqib güclüdür və belədə 10 nəfərlə mübarizə aparmaq çətin idi. Buna baxmayaraq, komanda əlindən gələni etdi. Yaxşı mübarizə apardıq. Hesabda önə də keçdik. Təəssüf ki, qələbə hesabını qoruya bilmədik.
– Nəticəni qorumağınıza nə mane oldu?
– Əlbəttə, rəqib böyük qüvvə ilə irəli atılmışdı. Pis müdafiə olunmurduq. Sadəcə rəqibin vurduğu ilk qol bizim üçün bir qədər uğursuz oldu.
– Mübahisəli penalti epizodu barədə fikirləriniz necədir?
– Burda ümumiyyətlə, şərhə ehtiyac yoxdur. Çünki hamı gördü ki, top ələ dəymişdi. Təmiz penalti idi.
– Mateuş Koxalski qırmızı vərəqə aldıqdan sonra meydana çıxdınız. Ümumiyyətlə, bu dəyişikliyə hazır idiniz?
– Belə halla heç kim üzləşmək istəməz. Azlıqda qalmağımız heç də xoş deyildi. Amma mən hazır idim. Ümumiyyətlə, həmişə hazır olmalısan. Bəzən belə gözlənilməz hadisələr yaşanır.
– Meydanda oyun təcrübənizin azlığı özünü göstərirdi?
– Desəm ki, hər şey ideal idi, yalan olar. Özümü narahat hiss etmirdim. Sadəcə nə qədər əlindən gələni etsən, oyun praktikasının azlığı müəyyən anlarda çətinliklər yaradır.
– Matçdan sonra baş verən qalmaqal…
– Hər şey göz qabağında idi. Hakim səhvləri yekunda gətirib belə hallara çıxarır.







