featured-image-30731

Azərbaycan Premyer Liqasında 2022-2023-cü illər mövsümünə yekun vuruldu. Avrokuboklara yollanan komandalar bəllidir, sonuncu yeri tutan da. Amma 10-cu “Şamaxı”nın elitanı tərk edəcəyi haqda hamı ehtiyatlı danışır. Bu da başa düşüləndir. İllərdir yüksək liqadan aşağı komanda düşmür, eyni klublar, eyni liqada başlarını qatırlar. Nəhayət ki, indi AFFA çempionatı çempionat görüntüsünə sala bilər.

AFFA-nın baş katibi Sərxan Hacıyev dəfələrlə Premyer Liqada sonuncu yeri tutan kollektivin I diviziona düşəcəyini desə də, İcraiyyə Komitəsi fərqli qərar verə bilər. Ondan sonra gəl, baş katibin sözünə inan.

İndi də futbol dairələrində gələn mövsüm legioner limitinin 8+3 olacağı barədə söz-söhbətlər gəzir. Bu isə böyük ehtimalla komandaların sayının artırılacağı halda reallaşa bilər. Ölkədə futbolçu qıtlığı olduğunu hamı bilir, 12 klubla  gəl indi heyəti qur, görüm. 8+3 məsələsinin ortaya atılması da məhz bununla bağlı ola bilər.

“Səbail”ə son turdakı məğlubiyyətdən (0:1) sonra “Şamaxı” camiasında dəhşətli bir məyusluq görmək mümkün deyildi. Sanki onlar da nəyəsə arxayın idilər və özlərini yetərincə soyuqqanlı aparırdılar.

Reqlament bəlii olsa, AFFA-nın baş katibi dəfələrlə açıqlama versə də, yenə də hamı gözləmə mövqeyindədir. Ümid edək ki, AFFA İcraiyyə Komitəsi daha bir tarixi səhvə yol verməyəcək və nəhayət ki, Azərbaycanda da idman prinsiplərinin əsası qoyulacaq. Əgər çempionatımızın nüfuzunu artırmaq istəyiriksə, mütləq şəkildə bu olmalıdır. Bu il bunun təməli qoyulmasa, yenə hər şey eyni tərzdə davam edəcək. Azərbaycan Premyer Liqası müntəzəm çempionat statusundan çıxa bilməyəcək.

AYXAN  

Bənzər xəbərlər