featured-image-35362

Azərbaycan Premyer Liqasının II turunun “Zirə” – “Kəpəz” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Gərgin oyun oldu. Alışmışıq ki, çempionatda matçlarımız gərgin olur, maraqlı gedir. Bu gün də bunlardan biri oldu. “Kəpəz” yaxşı müdafiə olunub, əks-hücumları gözləyirdi. Biz də müdafiəni yarmağa çalışırdıq. Hər şey düşündüyümüz, istədiyimiz kimi gedirdi. Bu cür komandaların müdafiəsini yarmaq çox çətindir. Səbirli oynadıq, qol şansı əldə etdik və fərqləndik. Rəqib üzərimizə gəldi. Belə anlarda boşluqlardan istifadə etmək lazımdır. “Kəpəz” son dəqiqələrdə irəli atılmışdı. İlk ev oyunumuz idi, vacib qələbə qazandıq. Ötən mövsüm də çətin alınmışdı. “Kəpəz”ə qarşı bütün rəqiblər çətinlik yaşayır. Bu rəqib üzərində qələbə asan deyil.

– Rüstəm Əhmədzadə ağır görünürdü. Bir də, Filipe Paxtman haqda fikriniz necədir? Böyük ümidlərlə gəlmişdi və artıq üç ildir, komandadadır….
– Təəssüflər olsun ki, Rüstəm toplanışda zədələndi. Son yoldaşlıq görüşündə 60 dəqiqə oynamışdı. Ötən oyunda da əzmkarlıq göstərdi, güc sərf etdi. Həftə ortası da yorğun görünürdü. Seçimimiz yoxdur deyə, Rüstəm meydanda mütləq olmalıydı. Özünün də, bizim də istədiyimiz kimi oynamayacağını ehtimal edirdik. Amma sona qədər mübarizə apardı. Zədəyə qədər ən yaxşı durumdaydı. Paxtmana gəldikdə, onun çətin futbol taleyi olub son illərdə. Zədələnirdi. Dəstək olmağa çalışırıq. Çünki böyük potensialı var. Ən vacibi odur ki, zədələnməsin. Zədələnməsə, oynaya-oynaya 2-3 aya tam formaya çatacaq. Əsas olan zədələnməməsidir.

– İki oyundur ki, qolları müdafiəçilər vurur, hücumçularınız passivdir..
– “Qarabağ”ın da, “Kəpəz”in də müdafiəsi də bizə qarşı yaxşı oynadı. Müdafiəçilər hücuma qoşularaq effektiv olur. Həftəboyu bunun üzərində işləyirik. Çox yaxşı qol vurduq. Kimin qolu vurmasını fərqi yoxdur.

– Həftəyə lider kimi yollanmaq necə hissdir? Eyforiyaya qapılmazsız? 
– İki turdan sonra eyforiyaya qapılacayıqsa, şərh vermək istəmirəm. İki oyunda da uduzsaydıq, bu gün turnir cədvəlini qiymətləndirmək zamanı deyil. 15-20 tur keçməlidir ki, baxaq. Hazırda turnir cədvəli haqda danışmağın mənası yoxdur. “Qarabağ” və “Kəpəz”lə matçda vacib xallar qazanmışıq.

– “Sabah” və  “Neftçi”nin avrokuboklarda oynaması sizin üçün üstünlükdür?
– Deməzdim. Onlar 3-4 gündən bir oynayırlar. Onlara çətinlik olacaq. Könül istəyərdi ki, bütün klublarımız qruplara düşsün. “Neftçi”yə çətin rəqib düşüb, iki top fərqi ilə geridədirlər. İnanırıq ki, səfərdə də sona qədər mübarizə aparıb, mərhələ keçəcəklər. Ümid edirik ki, hamısı bizi sevindirər.

– Sumanın oyunu sizi qane etdi?
– Bu gün məni təəccübləndirdi. 90 dəqiqə oynamasını planlaşdırmamışdıq. Gəncdir, istəklidir. Şans verdik və özünü yaxşı göstərdi. Meydanda gümrah görünürdü deyə, sona qədər oynadı.

Bənzər xəbərlər