"Hələ rəhbərliklə heç bir danışığımız olmayıb" - Zaur Həşimov
“Şəfa” Azərbaycan Premyer Liqasının 7-ci turunda “Turan Tovuz”a minimal hesabla (0:1) uduzub.
Msport.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Zaur Həşimov oyunu dəyərləndirib:
“Oyun haqqında uzun danışmağa ehtiyac yoxdur. Meydandakı istək və fiziki hazırlıq baxımdan rəqibdən geri qalmadıq. Sadəcə, ustalıq səviyyəmiz iddialı komandalardan xal almaq üçün hələ kifayət etmir. Bu amil bugünkü qarşılaşmanın nəticəsinə ciddi təsir göstərdi. Təəssüf ki, qolu öz diqqətsizliyimizdən buraxdıq. Meydanın mərkəzində topu itirdik və rəqib dərhal bundan istifadə etdi.
– Qarşıdakı turlarda çətin oyunlarınız olacaq. Heyətin ustalıq səviyyəsini artırmaq üçün qış fasiləsində transferlər gözlənilir? Bu barədə rəhbərliklə müzakirəniz olub?
– Qış transfer pəncərəsi ilə bağlı hələ rəhbərliklə heç bir danışığımız olmayıb. Ustalıq səviyyəsindən danışarkən rəqiblərimizin heyətindəki keyfiyyətli futbolçuları nəzərdə tuturam. Belə komandalara qarşı oynayanda öz potensialını tam ortaya qoymaq və ustalığını göstərmək də asan deyil.
– Elmir Tağıyevlə bağlı vəziyyət necədir? Niyə əsas komandada deyil, əvəzedici heyətdə çıxış edir?
– Elmir ilə bu barədə hələ yayda danışmışdıq. Lakin transfer pəncərəsinin son günlərində zədələndiyi üçün komandada qalmalı oldu. Bərpa prosesi keçdiyindən tam idman formasında deyildi və bizimlə məşqlərə çıxmırdı.
– Qarşıdakı turlarda “Şamaxı”, “Araz-Naxçıvan” və “Kəpəz”lə qarşılaşacaqsınız. Xal qazanmaq şansının yüksək olduğu bu oyunlardan gözləntiniz nədir?
– Püşkün nəticəsidir ki, geridə qalan 7 turda “Qəbələ” və “İmişli” istisna olmaqla, çempionluq uğrunda mübarizə aparan bütün komandalarla qarşılaşmışıq. İndiyədək məğlub olduğumuz oyunları “qara zolaq” adlandırım, yoxsa rəqiblərin aşkar güc üstünlüyü ilə əlaqələndirim, bilmirəm. Am”ma düşünürəm ki, artıq gücümüzə daha uyğun rəqiblərlə qarşılaşacağıq. Həmin oyunlarda mütləq xal və ya xallar qazanmalıyıq.
– Ölkə kubokunda mübarizəyə başlayacaqsınız. “Şəfa” üçün əsas hədəf kubok olacaq, yoxsa çempionat?
– Bu, yarışın gedişatından asılı olacaq. Əvvəlcə 2-ci Liqa təmsilçisi “Ağstafa Gəncləri” ilə qarşılaşacağıq. Kubokun 1/4 final mərhələsi isə qış fasiləsindən sonraya təsadüf edir. Həmin vaxta qədər komandanın vəziyyətini qiymətləndirib yekun qərar verəcəyik.







