İlkin Qırtımov adına "Qəbələ" karate klubu
“Qarabağ” “Sabah”dan sonra bu mövsüm ən ciddi müqaviməti Qəbələdə gördü. “Olimpiakos” üzərində qələbədən sonra meydana yoğrun çıxan Ağdam klubu səfər matçında çətin anlar yaşadı. Hətta qonaqlar son saniyələrdə topun qapıdan keçməməsinə görə, nəzir-niyaz verməlidirlər.
Hiss olunurdu ki, Elmar Baxşıyevin komandası çempionla oyuna böyük motivasiya ilə çıxıb, futbolçular meydanda canlarını qoymağa hazır idilər. “Qəbələ”nin məşqçilər heyəti rəqibi yaxşı təhlil etmişdi. Əgər 58-ci dəqiqədə Ruan Renato ilə Səlahət Ağayev arasında anlaşmazlıq yaranmasaydı, bəlkə də “Qarabağ” çempionatda ilk dəfə xal itirəcəkdi.
“Qəbələ” hər şeyə hazır idi, görüşün sonlarında Kadi, Zubir, Ovusunun meydana çıxmasına da, Qurban Qurbanovun komandasının cinah keçidlərinə də, ayrı-ayrı futbolçuların fərdi ustalığının ön plana çıxmasına da. Baxşıyev və köməkçiləri yalnız bir şeyi unutmuşdu: heyətdə İlkin Qırtımov kimi müdafiəçinin olmasını. 40-cı dəqiqə meydanın mərkəzində Brüs Li sayağı rəqibə zərbə endirməyin anlamı nə idi, görən? Axı həmin anda Yankoviç mərkəz dairəsinin yanında idi və “Qəbələ”yə heç bir təhlükə törətmirdi. Monteneqrolu futbolçunun bəxti gətirdi ki, Qırtımovun butsısının altı onun boğazına tutmadı. Əks halda Yankoviçin vəziyyəti indi Allah bilir, nə yerdə idi. Yeri gəlmişkən, həmin anda qarşılaşmanın baş hakimi Nicat İsmayıllının ani qərar verə bilməməsi də təəssüf doğurur. Halbuki oyunu hətta televiziya qarşısında izləyənlər də ilk baxışdan gördü ki, “Qəbələ”nin futbolçusunun hərəkəti qırmızı vərəqəlikdir. Halbuki referi əvvəlcə sarı vərəqə göstərmişdi və yalnız monitora gedib baxdıqdan sonra cibindən qırmızı vərəqəni çıxardı.
Qırtımovu komandasında görmək istəyən məşqçilər bilməlidir ki, onun hər mövsüm ən azı bir qırmızı vərəqəsi var. Əslində komandasını xilas etmək üçün bəzən son addımı atan futbolçuların “qırmızı”sını başa düşmək olar. Lakin meydanın mərkəzində heç bir təhlükə yaratmayan futbolçuya qarşı bu cür oynamağın heç bir məntiqi izahı yoxdur. “Qəbələ”nin müdafiəçisi o hərəkəti ilə, komanda yoldaşlarını pis vəziyyətdə qoydu. Onsuz da “Qarabağ”a qarşı mübarizə aparmaq çətin idi, gəl indi 45 dəqiqə 10 nəfərlə oyna. Bu cür ağılsız hərəkət edən futbolçunu ən ağır cəriməyə də məruz qoymaq azdır.
“Qəbələ”də təkbətək idman növləri yaxşı inkişaf edib. Karatedən tutmuş, cüdoya, kikboksinqə kimi klubun müxtəlif növləri üzrə bölmələri var və uğurla da çıxış edirlər. Bəlkə Qırtımov da artıq futboldan bezib və özünü həmin növlərdə sınamaq istəyir?
AYXAN