İlqar Qurbanov: "Türkiyə futbolunda gördükləri Mahirə təəccüblü gələcək"
“Mahirlə çox məsləhətləşir. Ona deyirdim ki, Türkiyəni ən axırıncı variant kimi saxla. Çünki oyun üslubu Niderland və Belçika futboluna daha uyğundur. İspaniya da ola bilərdi”.
Bunu Msport.az-a açıqlamasında Azərbaycan millisinin skautu İlqar Qurbanov Mahir Emrelinin Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasından icarə əsasında Türkiyə “Konyaspor”una keçidi barədə danışarkən deyib.
O bildirib ki, qardaş ölkə futbolunda rəqabət çox yüksəkdir: “Orada klubların ən çox oyunçu aldığı mövqe hücum xəttidir. Hər komandanın 6-7 foevardı olur. İndiki məqamda Türkiyəyə getməsi müzakirəyə açıqdır. Amma yenə də güclü çempionata yollanıb. Türkiyədə oynamışam, Superliqa dünyanın ən çətin çempionatlarından biridir. Konya futbol şəhəridir, komanda da yaxşıdır. Amma son vaxtlar “qara zolaq”dadırlar, əksər oyunları uduzurlar”.
Qurbanov 26 yaşlı hücumçu un Zaqreb təmsilçisini tərk etməklə düzgün addım atdığını düşünür: “Dinamo” elə komandadır ki, ora düşmək çox çətindir. Çünki orada hər zaman xorvatiyalı futbolçular olub, klub da onların satışından pul qazanıb. Allah bilir, bundan neçə il sonra ora hansısa azərbaycanlı oyunçu düşə bilər. Bu komandaya keçmək böyük bir şeydir. Orada qalmaq daha çətindir. Bu yaşda Mahirin oynamaması onun üçün minusdur. Milli komandaya gələndə oyun praktikası az olur. Yəqin ki, “Konyaspor”da ona oynamaq sözü verilib. Qarşıdakı dörd ay Mahir üçün çox vacibdir. Hər şey özündən asılıdır”.
Türkiyədə “Fənərbağça”, “Sivasspor”, “Boluspor” və “Mersin İdmanyurdu” kimi klubların formasını geyinmiş veteran futbolçunun fikrincə, “Konyaspor”un məşqçilər heyəti hazırda komandanın əsas qapıçısı olan İbrahim Şehiçdən Emreli ilə bağlı lazımi məlumatları toplayıblar: “Bosniyalı qolkiper həm də kapitandır. 100 faiz onda soruşublar. Şehiç istər-istəməz Mahirə dəstək verəcək. Bu, çox vacib amildir. Türkiyədə dəstək hiss edirsə, daha inamlı çıxış edirsən. Amma dediyim kimi, rəqabət güclüdür. Mahir yəqin bunu bilib gedib. İki tur qol vurmasan, təzyiqlə üzləşirsən”.
Türkiyə futbolundakı qalmaqallara da toxunan Qurbanov bunların Azərbaycan millisinin forvardına mümkün təsirlərindən də söz açıb: “Mahir belə şeylərə öyrənməyib. Azərbaycanda, Polşada, Xorvatiyada belə şeylər nadir hallarda baş verir. Bu mənada Türkiyə futbolunda gördükləri ona təəccüblü gələcək. Çünki bəzən hakimlər 100 faizlik qırmızı vərəqə epizodunda heç nə vermirlər. Sərt oyuna imkan verirlər. Türkiyədə müdafiəçilər hücumçulara qarşı çox qəddardırlar. Bu baxımdan Mahir üçün bir az çətin olacaq. Doğrudan da Türkiyədə oynamaq asan deyil. Təsəvvür edin, dünya ulduzları gəlirlər, oyunları alınmır”.
Onun sözlərinə görə, Emrelinin Türkiyə çempionatından hansısa səviyyəli liqaya getməsi çətindir: “Çünki Avropadakı vergi orada yoxdur, maaşlar yüksəkdir. Şəhərlər gözəldir. Bu səbəbdən legionerlər Türkiyədə qalmağa üstünlük verirlər. Yaşlı futbolçular ümumiyyətlə Türkiyəni başqa ölkəyə dəyişmək istəmirlər. Yalnız 23 yaşa kimi oyunçular bunda maraqlı olurlar. Amma “Konyaspor” Avropa Liqasında oynasa, oradan İspaniyaya getmək şansı yarana bilər. Çünki ispanlar bu turnirdə oynayan futbolçuları izləyirlər. Orada transfer bazarı fərqlidir. Çox anlaşılmaz çempionatdır”.
Yığmanın skautu Emrelinin sevimli klubu olan “Qalatasaray”a keçmək potensialını da dəyərləndirib: “Yaşı azdır, azərbaycanlıdır, milli üzvüdür, İstanbul nəhəngləri və ya “Tranzonspor”un diqqətini çəkə bilər. Mövsümün sonuna kimi özünü yaxşı tərəfdən göstərə bilsə, bəlkə də bu keçid baş tuta bilər. Çünki iddialı klublar artıq maliyyəyə görə bahalı futbolçular almırlar”.
CAHİD







