featured-image-13649

Msport.az “İndi hardadırlar?” rubrikasında vaxtilə ölkəmizdə çıxış etmiş futbolçuların indiki durumundan danışacaq.

Kiril Petrov “Neftçi”də çıxış edərkən onun haqqında fikirlər birmənalı deyildi. Mərkəz müdafiəçisini etibarlı, “ağ-qarlar” üçün əhəmiyyətli futbolçu sayan da var idi, tez-tez səhvlərə yol verdiyini deyənlər də. Amma istənilən halda ukraynalı oyunçu “Neftçi”nin tarixinə düşə bildi. O, paytaxt klubunda 77 oyun keçirib 1 qol vurdu.

Petrov Bakıya 2017-ci ilin yanvarında “Olimpik Donetsk” klubundan gəldi. Buna qədər isə o, Qazaxıstanda “Ordabası”, Polşada “Korona” komandalarında legioner həyatı yaşamışdı.

Petrov Kiyev “Dinamo”sunun yetirməsidir. Müdafiəçi “Dinamo”nun 2-ci komandasında əsas oyunçu olsa da, əsas heyətdə cəmi 1 görüşdə meydana çıxıb. Sonradan “Krivbass”a icarəyə verilən futbolçunun transfer hüquqlarını Kiyev “Arsenal”ı alıb.  2014-cü ildə Petrov ilk dəfə ölkə xaricinə yollanır və Ukraynanın qonşuluğunda yerləşən Polşada çıxış etməyə başlayır. O, “Korona”da cəmi bir mövsüm keçirir və 20 oyunda forma geyinir. 2015-də isə müdafiəçini Ukrayndan xeyli uzağa səfər gözləyirdi. “Ordabası”dan sərfəli təklif alan futbolçu Qazaxıstan çempionatına yollanır.  Bir il Orta Asiyada oynayan Kiril yenidən vətəninə dönür və “Olimpik”lə müqavilə bağlayır. Onun “Neftçi”yə gəlişi də məhz ordan olur.

Həmin vaxt Donetsk klubunun prezidenti Vladislav Gelzin yerli mətbuata açıqlamasında Petrovun “Neftçi”yə pula görə keçdiyini demişdi:  “Özünə bizdən daha çox pul ödəyən klub tapdı. O, Azərbaycan çempionatını seçdi. Hansı ki, həmin çempionat səviyyəcə bizdən aşağıdır. Bu səbəbdən, Kirillin Azərbaycana pul qazanmaq üçün getdiyini demək olar. Belə vəziyyətdə isə onu başa düşmək lazımdır”. 

Petrov “Neftçi”yə Elxan Abdullayevin baş məşqçi olduğu dönəmdə gəldi. Maraqlıdır ki, o, “ağ-qaralar”ın heyətində ilk oyununu prinsipial rəqibləri “Qarabağ”a qarşı keçirib. 29 yanvar 2017-ci ildə Tofiq Bəhramov adına stadionda oynanılan görüş 1:1 hesabı ilə yekunlaşıb.  Petrovun 90 dəqiqə meydanda olduğu qarşılaşmada qolları “Qarabağ”dan Dino Ndlovu, paytaxt təmsilçisindən isə Cavid İmamverdiyev vurub.

Petrovun “Neftçi”də olduğu müddətdə “Uypeşt”ə faciəvi məğlubiyyət də qeydə alınıb, Tula “Arsenal”ı üzərində parlaq qələbə də. 3 il paytaxt klubunda çıxış etdikdən sonra o, 2020-də Bakıdan ayrıldı. Sonralar futbolçu Ukrayna mətbuatına bildirmişdi ki, “Neftçi” rəhbərliyi onun komandada qalmasında maraqlı olmayıb.

Həmin vaxt daha çox “Giresunspor” variantı hallansa da, Petrov yenidən karyerasını Ukraynada – “Kolos”da davam etdirməyi məqsədəuğyun sayıb. Ukrayna – Rusiya müharibəsi bir çoxları kimi Kirili də doğma yerlərdən didərgin salır. O, ailəsi ilə birgə Polşaya gedir və “Korona” ilə anlaşır. 32 yaşlı müdafiəçi Ekstraklassaya yüksələn komandanın aparıcı simalarındandır. Ukraynalı futbolçu bu mövsüm 9 oyunda şans əldə edib və 1 qol vurub.  “Korona” 10 oyundan sonra 11 xalla 18 komanda arasında 15-ci yeri tutur.

Şübhəsiz ki, Petrov üçün ən əlamətdar hadisələrdən biri 2009-cu ildə baş verib. O, Ukrayna yığmasının heyətində 19 yaşlılar arasında Avropa çempionu olub. “Neftçi”nin sabiq müdafiəçi həmin vaxt bütün qarşılaşmalarda komandasını kapitan kimi meydana çıxarıb və qitə çempionatının ən yaxşı oyunçusu seçilib.  Ukraynalılar finalda heyətində Kiran Trippyer, Kayl Uoker, Denni Uelbek kimi futbolçuları olan İngiltərəni 2:0 hesabı ilə məğlub etmişdilər.

 

 

Bənzər xəbərlər