İnfantino: “İranla bağlı nə B, nə C, nə də D planı var”
FIFA prezidenti Canni İnfantino İran millisinin 2026-cı il dünya çempionatında iştirakı ilə bağlı açıqlama verib.
Msport.az xəbər verir ki, o bildirib ki, qurum vəziyyətin çətinliyini anlayır, lakin əsas plan dəyişməz qalır:
“Biz İran millisinin hansı mürəkkəb şəraitdə olduğunu yaxşı başa düşürük və reallığı ayıq qiymətləndiririk. Buna baxmayaraq, onların dünya çempionatındakı oyunlarının mümkün qədər komfortlu keçməsi üçün əlimizdən gələni edəcəyik. Heç bir alternativ plan – nə B, nə C, nə də D var. Yalnız plan A mövcuddur”.
İnfantino əlavə edib ki, mürəkkəb geosiyasi vəziyyətə təsir etmək mümkün deyil, lakin futbol insanları birləşdirmək gücünə malikdir: “Biz insanların birliyini təmin edə, sülh və bayram ab-havası yarada bilərik”.
FİFA rəhbəri həmçinin vurğulayıb ki, İran milli komandası dünya çempionatına sırf idman prinsipləri əsasında və vaxtından əvvəl vəsiqə qazanıb və bu nəticəyə hörmətlə yanaşılacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. İran Futbol Federasiyası daha öncə qrup matçlarının əvvələcədən nəzərdə tutulduğu kimi, ABŞ-da deyil, Meksikada keçirmək istədiyini açıqlayıb.







