featured-image-15165

Böyük ümidlərlə Zaqreb “Dinamo”suna yollanan Mahir Emreli yavaş-yavaş unudulmaqdadıdr. Sanki Xorvatiya klubunda heç belə hücumçu yoxdur.  Düzdür, hər dəfə onun adını ehtiyat oyunçular sırasında görürük və ümid edirik ki, indi harda olsa, Mahir meydana çıxacaq. Amma çi fayda.

“Legiya”dan qalmaqalla ayrılan millimizin üzvü daha güclü kluba yollananda sevindik, bunun onun karyerasında irəliyə atılmış daha bir addım olduğunu sandıq. Lakin içimizdə bir narahatlıq da var idi. Axı “Dinamo” Polşa təmsilçisindən daha güclü klubdur, heyətində daha səviyyəli futbolçular var. Aydın idi ki, Emrelini Zaqrebdə böyük rəqabət gözləyir. İlk vaxtlar həmyerlimiz özünü pis tərəfdən göstərmədi. Ötən mövsüm Xorvatiya klubunda 8 oyunda 2 dəfə fərqləndi. Mahir cari çempionatda isə 5 matçda 1 qol vurub.

Lakin artıq xeyli vaxtdır ki, “Dinamo”nun baş məşqçisi Ante Çaçiç yığmamızın forvardına güvənmir. Mahir son 4 görüşdə meydana çıxmayıb. O, axırıncı dəfə sentyabrın 18-də Zaqreb “Lokomotiv”i ilə qarşılaşmada 2 dəqiqə meydanda olub. Ümumiyyətlə, Emreli son 10 oyunda cəmi 43 dəqiqə forma geyinib. Əgər bir müddət əvvəl hücumçunun az oynamasının səbəbi tez-tez aldığı zədələr idisə, indi vəziyyət dəyişib və hiss olunur ki, baş məşqçi ona etimad göstərmir. Bir tərəfdən də Mahirin “Legiya”ya kompensasiya ödəmək məsələsi ortaya çıxdı. Təbii ki, bu da futbolçunun əhval-ruhiyyəsinə, psixologiyasına müəyyən qədər təsir göstərdi.

Qışda “Dinamo” Emrelini hansısa kluba icarəyə versə, təəccüblənməməliyik. Əslində onun özü üçün də gedib daim oynaya biləcəyi komandada çıxış etmək daha yaxşı olardı. Təbii ki, Azərbaycana qayıtmamaq şərti ilə. Bir müddət əvvəl “Qarabağ”ın hücumçunu icarəyə götürə biləcəyi ilə bağlı xəbər yayılmışdı. Ümid edək ki, Mahir vətənə dönməkdənsə, ölkə xaricində qalıb orada özünə daim oynaya biləcək komanda tapacaq.

ELNUR MƏMMƏDLİ 

Bənzər xəbərlər