featured-image-30935

“Əminəm ki, gələn mövsüm tam başqa “Neftçi” olacaq” – Kamran Quliyevin bu sitatını  hər mövsümdən öncə eşitmək mümkündür.

“Əminəm ki, “Neftçi” daha güclü olacaq”, “çempionluq uğrunda mübarizə aparacağıq”, “səviyyəli legionerlər transfer edəcəyik”, bla, blaa, blaaa.

Aşağı-yuxarı hər il buna oxşar açıqlamaların şahidi oluruq. Nəsə dəyişirmi? Artıq bu cür fikirlərə heç kim inanmır, istər jurnalistlər olsun, istər azarkeşlər, istərsə də lap elə “Neftçi”nin öz işçiləri. Öz aralarında “mətbuat konfransıdır da, başqa nə danışmalıdır” kəliməsini pıçıltı ilə deyərək bazanın içində gəzişirlər.

Ölkənin ən köklü klubu 2-ci yeri tutan “Sabah”dan 13 (!) xal geri qaldı. Hələ biz “Qarabağ”la rəqabətdən danışmırıq. İndi “ağ-qara” rəngə könül verən azarkeşlərin yeganə təsəllisi Azərbaycan kubokudur.  Böyük ehtimalla kubokun qazanılması Laurentsiu Regekampfın postunda saxlanılmasına gətirib çıxaracaq. Buna görə, bütün mövsümü boşa verən rumıniyalı ilə davam etməyə dəyərmi?

Əslində məsələni yalnız Rege üzərinə fokuslamaq da böyük yanlışdır. “Neftçi”nin əsas problemi heç də baş məşqçi deyil. İllərdir Kamran Quliyev vədlər verir ki, “tam başqa “Neftçi” olacaq”. Mən get-gedə əmin oluram ki, “tam başqa “Nefçi” ifadəsinin altında başqa nəsnələr yatır. Məncə, o, gələn mövsüm “Sabah”dan 13 yox,  23, “Qarabağ”dan 22 yox, 32 xal xal geri qala biləcək komandanı nəzərdə tutur. Tam başqa yəqin ki, budur. Yoxsa suyu sıxılıb qutaran Filip Ozobiçi 32 yaşında götürüb onunla çempion olmağı arzu etməzdilər.

Ozobiç ən yaxşı dönəmini “Qəbələ”də keçirdi. “Qarabağ”da istəniləni verməsə də, hər halda nəsə xeyiri deydi. İndi isə pensiya qabağı yaxşı pul yığmaq haqqında düşünür.

“Neftçi”nin prezidenti bəyan edib ki, Top-5 liqalarında çxış edən futbolçularla danışıq aparırıq. Əgət həmin oyunçular da gəlib burda Regenin əlinin altında Kverkveliya, Kenni Sayef, Mateus Saldanya kimi zəifləyəcəklərsə, onda boşuna əziyyət çəkib xərcə düşürsüz.

“Neftçi” azarkeşləri real addımlar, ciddi nəticələr gözləyir. Yoxsa, hər dəfə yeni sponsorla anlaşanda çıxıb açıqlama vermək ki, “tam başqa “Neftçi” görəcəksiniz” bununla heç kimin başının altına yastıq qoymaq olmaz. Hər kəs komandanın nə vəziyyətdə olduğunu, Regekampfın Qurban Qurbanov və Murad Musayevdən nə dərəcədə geri qaldığını yaxşı görür. Odur ki, nə özünüzü aldadın, nə də bizi.

AYXAN 

Bənzər xəbərlər