"Kəpəz"in daha bir yararsız transferi - Sisse ən ödənişli futbolçu olsa da, gələn kimi zədələndi
“Kəpəz”in qış transfer pəncərəsində heyətinə cəlb etdiyi Salif Sisse demək olar ki, gələndən zədəlidir.
Msport.az xəbər verir ki, fransalı futbolçu yalnız 19-cu turda “Qəbələ” ilə matçda 85-ci dəqiqədə meydana girib. Sonra zədə alan hücumçu hələ də komandasına kömək edə bilmir. Sisse bu gün “Şamaxı” ilə Gəncədəki görüşdə də oynaya bilməyəcək.
Maraqlıdır ki, Litvanın “Hegelman” klubundan gəlmiş forvard “Kəpəz”in ən ödənişli oyunçusu sayılır. Onun aylıq maaşı 4500 dollardır (7650 manat). Sissenin “Kəpəz”ə keçidi də maraqlı olub. Milli komandamızın skautu İlqar Qurbanov futbolçunun Azərbaycana gəlməsində vasitəçilik edib. Hücumçunun meneceri olan Qurbanov dayısı AFFA İcraiyyə Komitəsinin üzvü, Gəncə futbolunun kuratoru İsgəndər Cavadovdan kömək göstərməsini xahiş edib. Cavadov isə baş məşqçi Tərlan Əhmədovla danışaraq, Sissenin komandaya götürülməsinə nail olub. Təsadüfi deyil ki, “Turan Tovuz”la səfər oyunundan (0:2) sonra Əhmədov Cavadovdan narazılığı dilə gətirmişdi. O, bu transferə görə, AFFA İcraiyyə Komitəsi üzvündən dəstək gözləsə də, hələ ki uman yerdən küsmək məcburiyyətində qalıb.
AYXAN







