Kimdir günahkar? Regekampf qurban seçilir
“Neftçi” rəhbərliyi yenə ənənəvi taktikanı işə salıb. Vəziyyət bir az gərginləşən kimi bütün məsuliyyəti baş məşqçinin üzərinə atmaq, özlərini sudan quru çıxartmaq. Roberto Bordinin də vaxtında belə olub, Samir Abasovun da dövründə, indi Laurensiu Regekampfın zamanında da.
Nəticələr pisləşən, azarkeşlərin təzyiqi artan kimi baş məşqçinin işinin öhdəsindən gələ bilməməsinə dair müxtəlif xəbərlər, yazılar ortaya çıxır. Aydın məsələdir ki, Neftçi”nin prezidenti Kamran Quliyev və ya rəhbər şəxslər çıxıb açıq-aşkar mətbuatda baş məşqçini pisləməyəcəklər. Hərçənd bu baxımdan “ağ-qaralar”da çox demokratik mühüt var. Elə Quliyevin vaxtilə “Neftçi”nin fan-səhifəsindəki sorğuda “Tərlan Əhmədov baş məşqçi postundan getməlidir”ə səs verdiyini xatırlasaq, bəs edər.
Kamran Quliyevdən digər rəhbər şəxslərə kimi Regeyə inam günü-gündən azalır, amma ilin-günün bu vaxtında etiraf etsələr, özlərini də zərbə altına qoymuş olacaqlar. İstər-istəməz, ortaya suallar çıxacaq: gətirəndə hara baxırdız və ya sizin bu məsələdə günahınız yoxdurmu?
Artıq “Neftçi” azarkeşini də bu cür taktiki gedişlərlə aldatmaq mümkün deyil. Bəli, Rege işinin öhdəsindən gəlmir, komanda olduqca bərbad oynayır, “Sabah” qarşısında aciz qalmışdı. Lakin yeganə günahkar rumıniyalı məşqçidirmi? Rəhbərliyin olub-keçənlərdə səhvləri yoxdurmu? Bəs yararsız transfer siyasəti, satılan futbolçuların yerinə heçə də ondan güclü oyunçuların alınmaması… Buna kim cavabdehdir?
Fikir verirsinizsə, sosial şəbəkələrdə azarkeşlər artıq təkcə Regeni günahlandırmırlar. Onlar da transfer siyasətinin fiaskoya uğramasından, bəh-bəhlə gətirilən Kvirkveliyanın səhvlərindən, Boqomolskinin “Neftçi”yə uyğun olmamasından, Patonun ehtiyatda gün keçirib pul qazanmasından, Arveladzenin tapşırıqla komandaya götürülməsindən yazırlar.
Əgər “Neftçi” çempionatda bir az da büdrəsə və kubokda mübarizəni dayandırsa, əminəm ki, Regenin içki düşkünü olması barədə söz-söhbətlər ciddi dəlil kimi ortaya atılacaq. Əslində bir balaca dərindən oturub təhlil edəndə əmin olmaq mümkündür ki, Regenin vurulması ilə bağlı tezislər klubdan gəlir. Ola bilsin ki, bu praktikadan xarici komandalarda da istifadə olunur. Çünki baş məşqçinin müqaviləsi ola-ola, onu çıxartmaq çətindir. Ən yaxşısı haqqında müəyyən rəy formalaşdırılır və azarkeşlərin təzyiqi həlledici rol oynayır.
Bu il batan gəmini yalnız kubok xilas edə bilər. Lakin iş orasındadır ki, “ağ-qaralar”ın ortaya qoyduğu oyun da gələcəyə ümidlə baxmağa əsas vermir. “Neftçi” kubokun yarımfinalında “Turan Tovuz”la qarşılaşacaq. Büdcəsi, heyəti bakılılardan qat-qat zəif olan “Turan” “Nefçi”dən çox maraqlı oyun göstərir. Bəlkə də “Neftçi” ayrı-ayrı futbolçuların fərdi ustalığı hesabına nəyəsə nail oldu, lakin hələlik ortada ümidverici heç nə yoxdur. Yəqin “Neftçi” rəhbərliyinin başı hələ ki Regeni araşdırmağa qarışıb.
AYXAN







