Klublar cərimələri vaxtında verirlərmi? - "Ümid edirik ki, mövsümün sonuna qədər bütün borclarını ödəyəcəklər" - AÇIQLAMA
Hər həftə AFFA İntizam Komitəsi klubları müxtəlif məbləğdə və müxtəlif səbəblərdən cərimələyir. Sarı, qırmızı vərəqədən tutmuş, azarkeşlərin davranışına, təcili-tibbi yardım maşınının və polislərin vaxtında gəlməməsinə görə. Bir ara klublar bu cərimələri vaxt-vaxtında ödəməyə çətinlik çəkirdilər. Hətta Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti Ramin Musayev də etiraf edirdi ki, cərimələr yazılsa da, ödənişlə bağlı problemlər var. Bəs indi vəziyyət necədir? PFL-in büdcəsi cərimələr hesabına artırmı?
PFL-in texniki-irman direktoru Elgiz Abbasov Msport.az saytına açıqlamasında bəzi klubların hələ ki borclarını tam şəkildə ödəmədiyini dedi:
“İntizam Komitəsinin iclasından sonra Peşəkar Futbol Liqasının Maliyyə Şöbəsi klubların borclarının sənədləşməsini aparır və bununla bağlı rəsmi sənədlər dərhal klubların müvafiq şəxslərinə yönləndirilir. Xüsusən də futbolçuların cəzaları ilə bağlı cərimələrə klublar həssas yanaşırlar. Çünki Peşəkar Futbol Liqasının artıq 4-cü mövsümdür ki tətbiq etdiyi Elektron Matç Sistemi borcu ödənilməyən oyunçunun protokolda seçilməsinə icazə vermir. Amma ümumi götürsək son vaxtlar klublar borclarını ödəməyi sürətləndiriblər, ya da bunu tam ödəyiblər. Misal üçün “Sumqayıt”, “Zirə” və “Qarabağ” klubunun 01.01.2023-cü il tarixə olan bütün borclarını ödəyiblər”.
Amma PFL rəsmisi hələ də borclarını ödəməyən klubların olduğunu etiraf etdi:
“Digər klublar da ödəməkdədirlər, amma bunun tam ödəndiyini deyə bilmərik. Çalışırıq ki, işin məntiqi sonluğu olsun. Yəni cəza varsa, klub bunu ödəməli və Peşəkar Futbol Liqası da bunu nəzarətə götürməlidir. Peşəkar Futbol Liqasının İdarə Heyətinin qərarı ilə klubların PFL-ə olan borcların bir hissəsi futbol inkişafı baxımından onlara bağışlanaraq borcların ödənilə bilən real məbləğə gətirməsinə qərar verib. Belə olan halda klubların qalan borclarının ödənilməsi rahatlaşıb. Ümid edirik ki, mövsümün sonuna qədər klublar müvafiq cədvəl əsasında PFL-ə olan bütün borclarını ödəyib növbəti mövsüm üçün Lisenziya almağa nail olacaqlar”.
CAHİD







