Klublarımızın uğursuz tranferləri - Strijakdan Arveladzeyə kimi
Azərbaycan Premyer Liqasında qış fasiləsindən sonra artıq 4 tur geridə qalıb. Qış transfer dönəmində klubların heyətində elə də böyük dəyişikliklər baş vermədi. Amma bəzi komandalar heyətlərini gücləndirməklə yanaşı, lazımsız futbolçulardan da qurtulmağı bacardı.
“Neftçi” nəhayət ki, Patonu göndərə bildi. elə oyunçular da var ki, klublarına xeyirləri dəyməsə də, müxtəlif səbəblərdən hələ də heyətdə qalırlar.
Bu gün Azərbaycan Premyer Liqasının ən uğursuz transferlərindən danışacağıq:
LUKA QUQEŞAŞVİLİ (QARABAĞ)

Qurban Qurbanov “Gent”lə ilk oyunda məcburiyyətdən çərçivəni gürcü qolkiperə tapşırdı. Amma hər kəs qəbul edir ki, Luka Ağdam klubunun uğursuz transferləri sırasındadır. Onun “Turan Tovuz”la səfər oyununda buraxdığı səhvi futbola yeni gələn qapıçılar belə etmirlər. “Qarabağ” Lukanın potensialına inanıb 3 illik müqavilə bağlasa da, yəqin ki, buna görə indi peşmandılar. Şahruddin Məhəmmədəliyev zədədən sonra sağalıb gələn kimi yenidən 1-ci nömrə olacağı heç kimdə şübhə doğurmur.
VATO ARVELADZE (NEFTÇİ)

Məşhur Şota Arveladzenin qardaşı oğlu olan hücumçu Bakıya yeni gələrkən haqqında söz-söhbət yayılmışdı ki, Vatonu “Neftçi” rəhbərliyindən xahiş ediblər. 24 yaşlı forvard “ağ-qaralar”ın düşərgəsinə “tapışla” gəlib düşüb. Arveladze əsas heyətdə möhkəmlənə bilməyib. O, meydana çıxdığı 12 matçda bir dəfə də fərqlənməyib. Pato kimi ehtiyatda oturub yaxşı maaş alıb gün keçirir. “Neftçi” braziliyalıdan canını qutarsa da, Arveladze ən azı yaya qədər komandadır.
FELİPE PAXTMAN (ZİRƏ)

22 yaşlı braziliyalı forvardın potensialı heç kimdə şübhə doğurmurdu. Lakin Paxtman bura gələndən meydandan çox həkim yanında olur. “Real”da Eden Azardır, “Zirə”də Paxtman. Adam meydana qayıdan kimi yenidən zədələnir. Artıq futbolçunun psixoloji durumu da sanki qaydasında deyil. Əməliyyatlardan, həkimlərdən, zədələrdən bezib. Əgər o, karyerasını erkən yaşda bitirsə, buna təəccüblənmərəm. Paxtman bu mövsüm 8 oyunda 1 qol vurub.
RÜSTƏM ƏHMƏDZADƏ (ZİRƏ)

“Zirə” Rüstəmi gənc istedad kimi “Qarabağ”dan götürdü ki, həm komandaya kömək etsin, həm də oyun təcrübəsi qazansın. 22 yaşlı futbolçu Ukraynadan Azərbaycana gələrkən ona böyük ümidlər bəslənirdi. Lakin əminliklə demək olar ki, Əhmədzadənin “Zirə”də oyunu alınmır. O, bu mövsüm 18 oyunda forma geyinsə də, fərqlənə bilməyib. Halbuki müdafiədə oynayan Sərtan Taşkın (5) və Çantakias (4) ondan xeyli çox qol vurublar.
KRİSTOF ATANQANA (QƏBƏLƏ)

“Qəbələ”nin bu qapıçını niyə transfer etdiyini başa düşə bilmirəm. Onsuz da Atanqana heç vaxt meydana çıxmır, Səlahət Ağayevin 1-ci nömrə olması heç kimdə şübhə doğurmir. Elə gənc yerli qapıçılardan biri Atanqanın əvəzində ehtiyatda otura bilərdi də. İspaniyalı qolkiper “Qəbələ”yə gəldiyi 2021-ci ildən bu yana cəmi 8 oyunda forma geyinib. İyunda müqaviləsi başa çatan futbolçunu göndərəndə çoxları təəccüblənəcək ki, yəni komandada belə adam var idi?
ANDREY STRİJAK (QƏBƏLƏ)

Daha bir uğursuz transfer. Sanki “Qəbələ” Strijakı heyətə Ukraynada baş verən müharibə səbəbindən humanitar yardım kimi götürüb.
Elmar Baxşıyev bu futbolçunu necə bəyənib ki, (əgər özü bəyənibsə) indi üzünə də baxmaq istəmir. Yarımmüdafiəçi bu mövsüm cəmi 5 matçda meydana çıxıb. Strijak rəqabətdə digər futbolçulardan aşkar geri qalır. Hətta gənc Emin Səfərov ondan qat-qat inamlı təsir bağışlayır.
LUVAQO KİZİTO (SƏBAİL)

Kizito “Səbail”ə gələndə düşünürdüm ki, rahat şəkildə əsas heyətdə özünə yer edə biləcək. Nə də olmasa, hücumçu “Riu Ave”də oynamışdı, sonralar isə Rumıniya, İsrail klublarının şərəfini qorumuşdu. Kizito da Azərbaycana uyğunlaşa bilməyən futbolçulardan oldu. Uqandalı forvard çempionatda 14 oyunda 1 qol vurub. Kizito bir də kubokda “Sabah”la matçda fərqlənib. İndi isə o, zədəlidir və xeyli vaxtdır ki, meydana çıxmır.
ELVİN YUNUSZADƏ (KƏPƏZ)

Bir vaxtlar “Neftçi”, “Qarabağ” kimi klublarda oynamış müdafiəçi indi “Kəpəz-2″nin heyətində I divizionda meydana çıxır. Tərlan Əhmədov onu da Rauf Əliyev və Əfran İsmayılov kimi komandadan göndərmək istəsə də, buna müvəffəq ola bilmədi. Amma aydındır ki, Əhmədov orda olan müddətdə 30 yaşlı futbolçu əsas heyətdə şans əldə etməyəcək. Elvin son dəfə əsas komandada oktyabrın 16-da “Neftçi” ilə Gəncədəki oyunda (0:2) 25 dəqiqə meydanda olub. O, bu mövsüm “Kəpəz”in A komandasında 5 matçda forma geyinib. Yunuszadə yaya kimi “Kəpəz”də maaşını alıb sonra özünə yeni variantlar axtaracaq.
BEN AZİZ DAO (TURAN TOVUZ)

Ben Aziz Dao Azərbaycan çempionatı səviyyəsində futbolçuya bənzəmir. Üstəlik də tez-tez zədələnməsi formaya düşməsinə mane olur. Ayxan Abbasov burkina fasolu müdafiəçinin ümidləri doğruldacağını gözləsə də, bu baş vermədi və o, başa düşdü ki, salamatı Daodan qurtulmaqdır. Tovuz klubu onu göndərmək istəsə də, müqaviləsi olduğu üçün Ben Aziz etiraz etdi. Mövsümün sonuna kimi oynamayacaq, sadəcə maaşını alacaq.
ELNUR MƏMMƏDLİ







