featured-image-35423

Misli Premyer Liqasında ilk qələbəsini “Qəbələ” ilə matçda qazanan “Araz-Naxçıvan”ın heyətində fərqlənməklə klubumuzun tarixinə düşən İsmail Azzaui klub saytına açıqlama verib:

Msport.az xəbər verir ki, futbolçu ilk turda “Turan Tovuz”la müqayisədə “Qəbələ”yə qarşı daha yaxşı çıxış etdiklərini bildirib:

“Çətin oyun oldu. Qələbə qazansaq da, ən yaxşı oyunumuzu keçirdiyimizi deyə bilmərəm. İlk matçda “Turan Tovuz”la qarşılaşdıq. Müqayisə etsək, həmin dueldə də yaxşı çıxış etdik, sadəcə, epizodları düzgün dəyərləndirə bilmədik və yenildik. Həmin qarşılaşmadakı səhvlərimizdən nəticə çıxardıq və “Qəbələ”yə qarşı onları təkrarlamadıq. Vacib məqam epizodları məntiqi sonluğa çatdırmağı bacarmağımızdır. Komanda addım-addım irəliləyir. Kollektivimiz yeni yığışıb. Təlim-məşq toplanışı və yoldaşlıq oyunları keçirmədən çempionata başladıq. Həmin vaxt görməli olduğumuz səhvləri, çatışmazlıqları rəsmi oyunlarda görürük. Çətinliklərimiz var, ağır məşqlərlə bunu yoluna qoymağa çalışırıq.

Cari mövsümdə komandamın ilk qolunu vurdum. Buna görə xoşbəxtəm. Bu qolu vurmaq özüm üçün də əhəmiyyətli idi. Çünki yeni ölkəyə, liqaya gəlmişəm. Adaptasiya baxımından vacibdir. Ən əsası, komandamın qələbə qazanması üçün üzərimə düşən işi gördüm. Ümid edirəm ki, bu qolun ardı gələcək.

Növbəti oyunda qarşılaşacağımız “Qarabağ” haqda çox eşitmişəm. Çempionatın ən güclü komandalarından biridir. Xüsusilə də avrokuboklardakı çıxışı ilə fərqlənir. Qarşıda 1 həftə vaxtımız var. Yaxşı hazırlaşacağıq, baş məşqçinin nə istədiyini, bizim meydanda nə edəcəyimizi öyrənəcəyik. Maraqlı oyun olacaq”.

Bənzər xəbərlər