"Komandam tarix yazdı" - “Qəbələ”nin baş məşqçisi
“Qəbələ” finalda “Neftçi”ni 1:0 hesabı ilə məğlub edərək Azərbaycan Kubokunun qalibi olub.
Msport.az xəbər verir ki, matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:
– Daha çox komandama görə sevinirəm. Mövsüm ərzində çox çətin və əziyyətli günlər keçirdik. Futbolçulara təşəkkür edirəm. Komandam tarix yazdı. Daha da yaxşı “Qəbələ” görmək istəyirəm.
– Qələbəni gətirən əsas amil nə oldu?
– Futbolçular əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Düşünürəm ki, layiqli qələbə qazandıq.
– Kubokun qazanılması “Qələbə”nin büdcəsinin artmasına səbəb ola bilər?
– Mən bu komandanın daha güclü olmasını istəyirəm. Çalışacağıq ki, heyəti qoruyaq və yeni futbolçularla güclənək.
– Baş məşqçi kimi ilk kubokunuzdur. Təəssüratlarınız necədir?
– Əlbəttə ki, kuboku qazanmaq nailiyyətdir. Amma daha çox futbolçularıma görə sevinirəm.
– Rəqib baş məşqçi son dəqiqələrdə feyr-pleyə qarşı çıxdı. Bu haqda nə deyə bilərsiniz?
– Onu da başa düşmək olar. Komandası məğlub olurdu. Belə etmək istəməzdi. Amma bu, futboldur. Belə hallar olur.(Sportal)