featured-image-24146

“Qarabağ” – “Neftçi” oyunu (1:1) təkcə güclü dumanla yadda qalmadı. Suraxanıda “Neftçi” fanatlarının final fitindən xeyli əvvəl arenadan uzaqlaşdırılmasını da gördük, Luka Quqeşaşvilinin tərbiyəsizliyini də. Ola bilər ki, kimlərsə “Qarabağ”ın qapıçısının hərəkətini diqqətsizlik və ya əsəblərin tarıma çəkilməsi kimi qiymətləndirsin. Amma bu səviyyədə futbol oynayan peşəkar belə səhvlərə yol verməməlidir. Bəli, qonaq komandanın azarkeşləri gürcüstanlı qolkiperin qapısının önünə fişəng atmışdılar. Lakin bunu səliqəli şəkildə meydanın kənarına tullamaq da olardı. Luka isə əksinə “Neftçi” fanatlarını bir az özündən çıxartdı. Petardanı götürüb onlara tərəf vızıldatmaqla. Həmin fişəng isə az qala “Neftçi” bayrağını yandıracaqdı, əgər bu baş versəydi, Suraxanıda hansı mərəkə qopacaqdı, bunu bir Allah bilir.

Oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da futbolçusunun hərəkətinin yolverilməz olduğunu və buna çox hirsləndiyini dedi.

Fərq etməz, “Neftçi” olsun, ya başqa komanda, onların azarkeşlərinə, bayrağına qarşı bu cür hərəkət yolverilməzdir! “Neftçi”nin Azərbaycan futbolundakı yerini yəqin ki, Quqeşaşvili dərk etmir. Görünür, ona izah edən olmayıb ki, oradakı “Neftçi” azarkeşlərinin bir çoxunun atası, babası da vaxtilə bu kluba könül verib, onun rənglərini başı üstlərində gəzdiriblər. Yaxşı ki, həmin anda Medina və Qara Qarayev gəlib qapıçının adından rəqib fanatlardan üzr istədilər. Yoxsa, münaqişə daha da böyüyə bilərdi.

Ümumiyyətlə, istənilən legioner getdiyi ölkənin tarixinə, adət-ənənələrinə, yazılmamış qanunlarına hörmətlə yanaşmalıdır. Böyük ehtimalla, Qurban Qurbanov da bunu dəfələrlə Lukaya izh edib. Hər kəs bilir ki, Ağdam klubunun baş məşqçisi belə məsələlərdə çox ciddi və tələbkardır. Ümid edək ki, o, Quqeşaşviliyə elə cəza verəcək ki, qapıçı bundan sonra azarkeşləri görəndə maaşından çıxılan pullar yadına düşəcək.

 AYXAN 

Bənzər xəbərlər