featured-image-22942

Milli komandamızın üzvü Mahir Emrelinin “Konyaspor”a transferi rəsmiləşdi. 25 yaşlı futbolçu icarə əsasında mövsümün sonuna kimi Türkiyə Super Liqasında çıxış edəcək. Zaqreb “Dinamo”sunda karyerası istənilən kimi alınmayan hücumçu qardaş ölkədə uğurlu ola biləcəkmi? Mahir “Konyaspor”un əsas heyətində yerini möhkəmləndirə biləcəkmi?

Tanınmış menecer Vaqif Heydərli Msport.az saytına yığmamızın forvardının yeni kluba keçidini dəyərləndirdi:

“Konyaspor” son 2-3 mövsümü əla keçirdi. Bu mövsüm deyilənə görə, maliyyə problemləri və rəhbərlikdə dəyişikliklər olduğu üçün nəticələrə təsir göstərdi. Komanda baş məşqçi İlhan Palutun rəhbərliyi altında yaxşı çıxış edirdi. Düzdür, son dəfə avrokuboklarda uğurlu ola bilmədilər, Lixtenşteyn “Vaduts”una uduzdular. Həmin vaxt Konfrans Liqasında mərhələ keçsəydilər, “Neftçi” potensial rəqib idi. Sponsorlarla bağlı yaranan söz-söhbətdən sonra Palut gözlənilmədən istefaya göndərildi. Ondan sonra komandanın nəticələri zəiflədi. Super Liqada son 7 oyunda qələbə qazana bilməyiblər. Axrıncı 4 matçda isə məğlub olublar. Kubokda da “Qaziantep”ə uduzaraq, mübarizədən kənarda qaldılar. Son dəfə dekabrın 12-də “Ankaragücü” üzərində qalibiyyət əldə ediblər. İlk “üçlük”dən artıq 13 xal geri qalırlar.

İndi elə bir dövrdür ki, yeni oyunçulara ehtiyacları var. Nəticələr olmayanda heyətdə rotasiyalara getmək, dəyişikliklər etmək gərəkir.  Komandaya serbiyalı məşqçi Stoyanoviç rəhbərlik edir. Kifayət qədər təcrübəli mütəxəssisdir, amma uğurlu olub-olmayacağını demək çətindir.

Heyətə diqqət yetirsək, hücumçu Mame Diufun 35 yaşı var, düzdür, oynayır, qol da vurur. “Midlsbro”dan icarəyə götürdükləri Uçe İkpeazu var, o da daha çox sonradan meydana çıxır. Ümidləri doğrultmur, hətta bu yaxınlarda icarəyə vermək istəyirdilər. Mənə də təklif eləmişdilər ki, kimsə istəsə, maaşının da yarısını verərik. O hücumçudan ümumiyyətlə, razı deyillər. Qalır yalnız Muhammed Demir. Yəni oynamaq baxımından Mahir üçün şans var. Rəqabət dəhşətli dərəcədə deyil. Mahir bir az məsuliyyətli olub, öz üzərində işləsə, hər mənada ciddi yanaşsa, ən pis halda “Dinamo”dan çox oynamaq şansı qazanacaq. Digər üstünlük isə bəllidir, Tükiyəni bizim futbolçular üçün yad ölkə saymaq olmaz. Mahirin özünün də Türkiyəyə, Türk futboluna meyli çoxdur. O mənada ümid edə bilərik ki, hücumçu üçün yaxşı olacaq.

Üstəlik, Konyada İbrahim Şehiç amili də var. “Qarabağ”ın sabiq qapıçısı “Konyaspor”da ən təcrübəli oyunçulardan biridir. Mahiri də yaxşı tanıyır. Millimizin üzvünün qısa vaxt ərzində adaptasiya olmasında rol oynaya bilər”.

AYXAN 

 

 

Bənzər xəbərlər