featured-image-14795

Azərbaycanın əksər futbol veteranları hər açıqlaması, müsahibəsi ilə özlərini daha da ifşa edirlər. Aşağı-yuxarı bütün fikirlərdə də bu tezisə rast gəlmək olur: “biz yaşıl meydanda can qoyanda, sağlamlığımızı təhlükə altına alanda bunlar harda idilər”?

1980-ci illər “Neftçi”sinin əfsanələrindən Maşallah Əhmədov “Futbol+” qəzetinə odlu-alovlu müsahibə verib və demək olar, yuxarıdakı fikirləri təkrarlayıb. “Kəpəz”in “Sabah”a 0:5 hesablı məğlubiyyətindən guya sarsılan veteran futbolçu Gəncə klubunu bu vəziyyətə saldıqları üçün çox adamı qınayır. Amma bir kəlimə də demir ki, bəs “Kəpəz” I dəstədə var-gəl edəndə, Gəncə stadionu illər boyu yararsız vəziyyətə gəlib düşəndə niyə səsini çıxarmırdı? Ənənəvi söhbətlər: “Bunlar varlanır, Gəncənin veteranları isə acından ölürlər”.

Ümumiyyətlə, əksər veteranların “biz meydanda can qoyanda” ifadəsini heç cür başa düşmürəm. Axı can qoyduğunuz illərdə əvəzini də artıqlaması ilə almısınız. “Neftçi”də heyətə düşənlərə ev də verilirdi, avtomobil də. Halbuki həmin illərdə heç də hər kəs şəxsi avtomobil sahibi ola bilmirdi. Hörmət-izzət də öz yerində, hansını qapını açırdılar, yuxarı başa dəvət olunurdular. Hansı rayona gedirdilər, maşının arxası boş qayıtmazdılar.

Maşallah Əhmədovun digər həmkarlardan bir şeyi yaxşıdır ki, açıq əllə oynayır, heç nəyi gizlətmir: “Mən “Kəpəz”in Müşahidə Şurasının sədri olmaq istəyirdim…İndi mənim aylıq maaşım 500, dünən futbola gələn cavan uşağın məvacibi 12 min manatdır”.

Elə bu sitatdan başa düşmək olur ki, əfsanəvi “10 nömrə”, SSRİ-nin 33 ən yaxşı futbolçusu arasına düşmüş Maşallah müəllim nə istəyir. Vəzifə, pul və s. Təbii ki, bu hər kəsin arzusu, istəyi ola bilər. Amma gəlin baxaq, hamı bu işlərin öhdəsindən gələ bilirmi? Özü də bu sözü o adam deyir ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə həbs olunub, daha sonra cəzasının dörddə üç hissəsini çəkdiyi üçün güzəşt edilərək, vaxtından 2 ay əvvəl cəzaçəkmə müəssisəsindən buraxılıb.

Əhmədov Gəncənin icra başçısı Niyazi Bayramovdan da narazılıq edib. İcra başçısından “Kəpəz”in idarəçiliyini ona tapşırmasını xahiş etsə də, veteran futbolçunu yola veriblər. Yaxşı, Elmar Vəliyev Gəncəyə rəhbərlik edəndə Maşallah müəllim harda idi? Niyə gedib demirdi ki, Müahidə Şurasının sədri axı niyə sizin oğlunuz olmalıdır? Cavab çox sadədir, onda heç Elmar Vəliyevin yaxınına düşə bilməzdi.

Maşallah Əhmədov AFFA-nın sabiq baş katibi Elxan Məmmədovu da günahlandırır. Niyə Məmmədov Fransaya getməmişdən əvvəl federasiyada çalışarkən bu fiikirləri səsləndirmirdi? Onda nədən ağzına su alıb oturmuşdu?

“Kəpəz”in Müşahidə Şurasının sədri İlqar Nadirinin 12, baş məşqçi Təraln Əhmədovunsa 6 min maaş aldığını deyib bunun ədalətsizlik olduğunu bildirir. Halbuki klubun rəhbəri yəqin ki, hər yerdə baş məşqçidən çox əməkhaqqı alır və bu normaldır.

Ömrü boyu heç yerdə düz-əməlli baş məşqçi işləməyən Maşallah müəllimin “Neftçi”nin baş məşqçisi Laurentsiu Regnkampfı “Rumıniyadan gəlmiş əyyaşın biri” kimi qələmə verməsi də bir ayrı dərddir. Regenkampf “Styaua”, “Universitata Krayova”, “Əl Əhli”, “Əl Vahda” kimi klublarda baş məşqçi işləyəndə çox hörmətli Maşallah müəllim xaricdən daş piltə gətirib satmaqla məşğul idi.

AYXAN 

Bənzər xəbərlər