"Mən "Azərreyl"ə pul qazanmağa getmişdim" - İnessa Qorxmaz
Voleybol üzrə milli komandamızın və “Azərreyl”in sabiq üzvü İnessa Qorxmaz “Dinamo-Ak Bars” klubunun rəsmi saytına müsahibə verib.
Msport.az həmin müsahibəni təqdim edir.
Necə oldu ki, siz 2004-cü ildə “idman vətəndaşlığı”nızı dəyişdiniz və Azərbaycan millisində oynamağa başladınız?
Hər şey zarafatla başladı. Təlim-məşq toplanışında olan rəfiqələrimlə görüşə getdim. Zala girən kimi Yelena Şabovta baş məşqçiyə dedi ki, “Faiq Əliyeviç, mən komandamıza mərkəz hücumçusu tapmışam. Bizdə yoxdur axı”. Məndən soruşdular: “Gələrsən, burda oynamağa”? – “Əlbəttə, gələrəm”.
Gülüşdük. Ancaq Azərbaycan milli komandası və “Azərreyl” klubu mənimlə ciddi şəkildə maraqlanmağa başladı. Nikolay Karpol dedi ki, türkə ərə getmisən deyə, sənə Bakıda rahat olacaq. Ordan İstanbula uçmaq bir saatdır.
Azərbaycan bayrağı altında çıxış edəndə hansı hissləri keçirirdiniz?
Yalan danışmayacam, mənim üçün bir himn və bir vətən var. Mən Türkiyədə də həmişə deyirəm ki, rusam. Amma iş elə gətirib ki, iki ölkə üçün çalışmışam. Azərbaycandakı karyeramı və məni istiqanlılıqla qarşılayan insanları xoş hisslərlə xatırlayıram. Lakin hər halda mən “Azərreyl” klubuna pul qazanmaq üçün getmişdim. Azərbaycan yığması isə əlavə idi. Hər halda orda legioer idim.
Sizin üç pasportunuz var?
Yox. Azərbaycan pasportuna gərək olmadı. Milli komandada iştirak etmək üçün “idman vətəndaşlığı” kifayət edirdi. 2001-ci ildəki Avropa çempionatından sonra başa düşdüm ki, Rusiya yığmasındakı karyeram başa çatır. Azərbaycanda mənə beynəlxalq karyeramı davam etdirməyə imkan yaratdılar. Yenidən Avropa və dünya çempionatlarında çıxış etdim.
2005-ci ildə siz “Balakovskaya” klubunda rusiyalı voleybolçu kimi forma geyinirdiniz. Bu necə mümkün olmuşdu?
O zaman mənə istisna hal kimi şərait yaratdılar. Buna görə onlara minnətdaram. Məncə, Rusiya yığmasındakı xidmətlərim bu işdə kömək oldu.
Karyeranızdakı ən yaxşı müqavilə şərtləri “Azərreyl”də idi?
Yox, evdə daha yaxşı şərtlərlə müqavilələrim olmuşdu. Türkiyədə də bu sarıdan vəziyyət pis deyildi. Ən yaxşı əmək haqqını Braziliyadan təklif etmişdilər. Ancaq zədə aldığım üçün ora gedə bilmədim.
“Dinamo-Ak Bars” klubunun voleybolçularına sponsorlardan biri hələ də xəz kürk bağışlayır. Sizin karyeranızda ən yadda qalan mükafatlar hansılar olub?
Sidney Olimpiya oyunlarında gümüş medal qazandıqdan sonra bizə pul mükafatı və videokassetə də baxmaq mükün olan xüsusi balaca televizorlar hədiyyə etmişdilər. İndi avtomobil hədiyyə edirlər, onda belə deyildi. Buna qədər isə Qazaxıstanda Prezident kuboku turnirində ən yaxşı oyunçu olduğum üçün Nursultan Nazarbayev mənə videomaqintafon təqdim etmişdi. Ən yadda qalan hədiyyə isə Azərbaycan prezidenti Heydər Əliyevin döymə imzası olan qızıl qol saatı idi.